[:az]İyunun 13-dә Bakının “Sovetski” adlanan ərazisinin bir qrup keçmiş sakini əvvəllər mövcud olmuş evlәrinin yerlәşdiyi yerdә etraz aksiyası keçiriblər.
Aksiya iştirakçılarının sözlərinә görә, onlara sökülmüş evlәrinә görә kompensasiya verilməyib:
“Biz baş nazirin müavini Hacıbala Abutalıbovun, Bakı Şəhər İcra Hakimiyyәtinin başçısı Eldar Әzizovun qәbulunda olmuşuq. Bizim şikayətimiz eşidilmədi. Biz haqqımızı olan kompensasiyanı istәyirik”.
Әraziyә cәlb olunmuş polis əməkdaşları sakinlәrdən çıxıb getmələrini xahiş ediblər. Polislər deyiblər ki, onların toplaşması razılaşdırılmadığından qanunsuz sayılır və bu üzdən buna imkan verə bilməzlər. Polislərin israrından sonra aksiya iştirakçıları ərazini tərk ediblər.
Onların şikayətinə, hələlik, Biz baş nazirin müavini Hacıbala Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyәtinin başçısı Eldar Әzizovdan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə əsasən 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri böyük ölçüdə sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.
İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunub.
Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə ( hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub.Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.
Bu yaxınlarda isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, “sovetski” ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır.
AZADLIQ RADİOSU[:]