[:az]”Qardaşımın ayağından qan tökülür, dərisi soyulur, bağırsaqlarının fəaliyyətində ciddi problem var”[:]

tərəfindən Gozetci

[:az]İctimai şəxslər məhbusların vəziyyətindən narahatdır

“Əbülfəz yataq xəstəsi olduğundan onda xeyli yataq yaraları yaranıb. Üç gün əvvəl onunla görüşəndə ayağından qan tökülürdü, dərisi soyulurdu. Qarşısında nahar üçün qaynadılmış kartof, su və bir parça çörək vardı. Onu görəndə düşdüyü vəziyyətdən dəhşətə gəldik. Məlum oldu ki, neçə vaxtdır yemək yemir, hətta qaynanmış kartofu da. Altı aydır infeksiya düşüb, bağırsaqlarının fəaliyyətində ciddi problem yaranıb, ətrafdakılara da əziyyət verməmək üçün yemir. Xəstəliyindən xəcalət çəkir”, – Mərhəmət Bünyadova bunları qardaşı Əbülfəz Bünyadov haqqında danışır.

“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü olan Ə.Bünyadov 2015-ci ildə noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı onurğasından aldığı iki güllə yarasından tam iflic olub. İkisi polis olmaqla, altı nəfərin öldürüldüyü, Taleh Bağırzadə və daha 17 nəfərin saxlandığı həmin əməliyyat Ə.Bünyadovun evində keçirilib. Həmin gün aldığı xəsarətlərdən hərəkət qabiliyyətini itirməsinə baxmayaraq, Ə.Bünyadovu da tutub aparıblar. O, 15 il azadlıqdan məhrum edilib və hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Sonuncu dəfə iyunun 5-də onunla görüşən ailə üzvləri Ə.Bünyadovun durumunun kəskin pisləşdiyini açıqlayıblar. Bununla əlaqədar hüquq müdafiəçiləri, ictimai-siyasi fəallar iyunun 8-də toplaşaraq, Ə.Bünyadovun həyatının təhlükə altında olmasını nəzərə alıb, onun azadlığa buraxılması üçün hökumətə müraciət ediblər.

Azərbaycan Ziyalılar Birliyinin sədri, İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsinə rəhbərlik edən Eldəniz Quliyev deyir ki, əgər məqsəd Ə.Bünyadovu öldürməkdirsə, o zaman hər gün əziyyət verə-verə öldürməkdənsə, birdəfəlik güllə vurub öldürsünlər. Yox, məqsəd öldürmək deyilsə, o zaman azadlığa buraxsınlar ki, ailəsinin, yaxınlarının köməyilə yaşaya bilsin: “Əgər ayın 12-də məhkəmə belə vəziyyətdə olan insanı həbsdən azad etməsə, bir daha sübut olunacaq ki, hakimiyyətin multikulturalizm, humanizm siyasəti barədə dedikləri nağıldan başqa bir şey deyil”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin fikrincə, Ə.Bünyadovla bağlı baş verənlər Azərbaycan hakimiyyətinin mahiyyətini göstərir: “Adamın evinə silahlı hücum ediblər, evdəkilərin bir hissəsini öldürüblər, qalanını tutub aparıblar. Ölənlər arasında Əbülfəz Bünyadovun qohumları da olub. Özünü əlil eləyiblər, hələ üstəlik, 15 il də həbs cəzası veriblər. Budur humanizm? Öz vətəndaşına belə münasibət göstərib, başqa ölkələrdə özlərini tərəqqipərvər göstərirlər”.

O.Gülalıyevin sözlərinə görə, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun da durumu çox ağırdır. Buna baxmayaraq, onu ev dustaqlığına buraxmaqdan imtina edirlər. Hüquq müdafiəçisinin sözlərinə görə, Nardaran əməliyyatında güllələnmiş elə insanlar var ki, hələ də həmin güllələr onların bədənindədir. O, Nardaran məhbuslarından Şamil Abduləliyev, Abbas Quliyevin adlarını çəkib.

“Əbülfəz Bünyadovu bir il həbsdə saxlayandan sonra ev dustaqlığına buraxmışdılar, bir müddət sonra fikirlərini dəyişdilər. Başa düşdülər ki, belə humanizm onların adına yaraşmır, o vəziyyətdə olan adamı yenidən həbs elədilər. Ev dustaqlığında olanda onu həkimə aparmışdıq. Həkim dedi ki, güllə onurğa sütununa ilişib qalıb, uzağı, onu çıxarmaq olar. Amma həmin hissədə sümükləri parça-parça eləyib. Əbülfəz Bünyadovun gözləri, ağzı, bir də əlləri işləyir, vəssalam. Yataqda çevrilə də bilmir. İndi bağırsağına da infeksiya düşüb. Öz tələbatlarını özü ödəyə bilmədiyinə görə qida da qəbul etmir. Onda yataq yaraları vardı, onlar hər gün yuyulub təmizlənməlidir. Həbsxanada kimdir hər gün onu eləyən? Hələ ev dustaqlığında olan düşünürdük ki, bəlkə dəri köçürmə əməliyyatı olunsun. Ancaq maddi çətinlik və başqa səbəblərdən olmadı. Deyilənə görə, indi dəri o qədər yeyilib ki, sümük görünür. Belə vəziyyətdə olan adamı həbsdə saxlamaq onu hər gün diri-diri öldürməkdir”, – bunları isə yazar Zümrüd Yağmur deyib.

Onun sözlərinə görə, Ə.Bünyadovun dörd azyaşlı övladı var, onların da biri beyin iflicidir. Anasının ayaqları tutulub: “Yarısürünən vəziyyətdə ana yeganə oğlunun yanına gedir, onu o vəziyyətdə görüb ürəyi parçalanır. Geri qayıdanda evdə də oğlunun o vəziyyətdə olan oğlunu görür. Əsl ailə faciəsidir…”

İyunun 12-də Ali Məhkəmədə Ə.Bünyadovun işinə baxılacaq.

Ə.Bünyadov 2015-ci il noyabrın 26-da güllələnib iflic olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bir neçə gün orada saxlandıqdan sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

T.Bağırzadəgilin işi məhkəməyə göndəriləndə onun haqqındakı cinayət işi ayrılıb. Özü də bir müddət sonra – 2016-cı ilin dekabrında ev dustaqlığına buraxılıb, yaşadığı evin darvazasında daim iki polis əməkdaşı keşik çəkib. Digərləri artıq cəza alandan sonra 2017-ci ilin yayında onun da işi məhkəməyə göndərilib. Ə.Bünyadov Nardaran hadisələrinə görə axtarışa verilib, 2017-ci ilin martında tutulan Elxan İsgəndərovla birlikdə mühakimə olunub. Məhkəməyə Təcili Tibbi Yardım vasitəsilə gətirilən və hakim qarşısına da xərəkdə uzanmış vəziyyətdə çıxarılan Ə.Bünyadov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib və hökmün elanından dərhal sonra həbs edilib.

Polislərin ölümünə görə qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama və s. əməllərdə təqsirləndirilən Ə.Bünyadov ittihamları qəbul etmir və onların saxta olduğunu bildirir. Deyir ki, o da, həmin gün həbs edilən digərləri də günahsızdır. Onların olduğu evə polislər silahlı hücum edib və qarşılarına çıxanı güllələyib. Ə.Bünyadovun sözlərinə görə, əməliyyat günü iflic olmasına baxmayaraq, polislər həmin gün aparıb ona da işgəncə veriblər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarının həqiqətə uyğun olmadığını bildirir.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az