[:az]Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) artıq paytaxtın parklarında kitab yarmarkalarının keçirilməsinə icazə vermədiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna məlumat verən «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib ki, rəhbərlik etdiyi qurum artıq bir neçə aydır kitab yarmarkasına icazə ala bilmir: «Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Ticarət Departamentindən bizim yazılı müraciətimizə əvvəl bildiriblər ki, paytaxtda Formula-1 yarışları keçirilir (26-28 aprel) və yarmarkanın təşkili mәqsәdәuyğun deyil. Sonra Avropa Liqasının finalını (mayın 29-u) bəhanə gətirdilər. İndi isə ümumiyyətlə, cavab vermirlər».
Ş.Xuduoğlunun vurğulamasına görə, cavab almaqdan ötrü Ticarət Departamentinə gedən nəşriyyatın əməkdaşına şifahi olaraq bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yarmarkalara icazə vermir.
«Kitab həmişə Bakının bəzəyi olub»
Nəşriyyatın rəhbəri endirimli kitab yarmarkalarının keçirilməsinə icazə verilməməsini qәbulolunmaz sayır. «Kitab həmişə Bakının bəzəyi olub, düşməni olmayıb. Əvvəlki icra başçısı (şəhər rəhbərliyi ötən il dəyişib-A.R) kitab yarmarkalarına icazə verirdi. Kitab yarmarkası mədəni tədbirdir. Biz bu tәdbirlәrdә kitabları təşviq edirik, oxucuları yeni nәşrlәrlә tanış edirik və son zamanlar oxucuların sayını xeyli artıra bilmişik. Niyə bu kimi tәdbirlәrә icazə verilməsin, başa düşmürəm», – Ş.Xuduoğlu sual edib.
BŞİH: «Eldar Əzizovun kitaba böyük marağı var»
BŞİH-in Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov «Report»a açıqlamasında isə deyib ki, şəhər rəhbərliyinin kitab satışına qadağa qoyması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Ş.Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ticarət və Xidmət Departamentinə müraciət edərək metronun «Gənclik» stansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib: «Departamentdən Şahbaz Xuduoğluna rəsmi olaraq bildirilib ki, həmin ərazi «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin nəzarətindədir, razılıq üçün həmin quruma müraciət edilməlidir. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətini ittiham etmək doğru deyil».
İ.Kərimov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitaba böyük marağı var, hər zaman kitabın təbliğatına üstünlük verib: «O, özü də bir neçə kitabın müəllifidir. Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman həmin ərazilərdə dəfələrlə kitab yarmarkaları təşkil edib. Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman «Sahil bağı»nda böyük kitab yarmarkası təşkil edilmişdi. Həmin yarmarkada Şahbaz Xuduoğlu da iştirak edib. İndi isə Şahbaz Xuduoğlunun bu cür mövqedən çıxış etməsi təəssüf doğurur».
AzadlıqRadiosu ©[:]