[:az] ‘Bandotdel’dən məhkəməyə gəlməyiblər[:]

tərəfindən Gozetci

[:az]«İyunun 3-də Nərimanov Rayon Məhkəməsində şikayətim üzrə məhkəmə prosesi baş tutsa da, qərar verilmədi».

Bunu vəkil Yavər Hüseyn bildirib. Onun sözlərinə görə, məhkəmə çağırışı olmasına baxmayaraq, nə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən («Bandotdel» kimi tanınır-red.), nə də Baş Prokurorluqdan prosesə gələn olub: «Yəni, bu da görünürdü ki, hakim özü də çıxılmaz vəziyyətdədir. Mənim şikayətim isə vəkil kimi əlimdə order olmasına baxmayaraq, hüquqlarını müdafiə etdiyim şəxslərlə görüşə bilməməyim, vəkil kimi hüquqlarımın pozulması, saxlanan şəxslərin harada olmaları barədə valideynlərinə və doğmalarına məlumat verilməməsi ilə bağlı idi».

Y.Hüseyn deyib ki, hakim onun şikayətini təmin etməyib: «Mən də bunun əsaslandırmasını istədim. Mənə sözü bu oldu ki, bugün (iyunun 4-də ) günortadan sonra qərarı götürə bilərəm və əsaslandırma qərarda əksini tapacaq».

Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əsla razı deyil və bu qərardan apellyasiya şikayəti verəcək.

Y.Hüseyn mayın 18-dən saxlandıqları güman edilən Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılovun vəkilidir. Onların əvvəlcə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandıqları güman edilirdi. Amma vəkilin deməsinə görə, həmin idarəyə getsə də, orada qeyd edilən şəxslərin saxlanmadığı cavabını alıb və bu üzdən də məhkəməyə müraciət edib.

Y.Hüseynin deməsinə görə, həmin şəxslərin inzibati qaydada həbs edildiyinə dair məlumat əldə edib: «Bunu mənə işə baxan hakim dedi. Mənə deyilənə görə, mayın 20-də həm İ.Abdullayev, həm də Y.Mikayılov barədə Nərimanov Rayon Məhkəməsində qərar çıxarılıb. Həmin qərara əsasən, İ.Abdullayev kiçik xuliqanlıqda təqsirli bilinərək 15 sutka, Y.Mikayılov isə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 30 sutka inzibati həbs cəzası alıb. Hakim mənə dedi ki, hər iki şəxs Binəqədi Müvəqqəti Saxlama Təcridxanasındadır. Həm də 15 gün olmaqla İ.Abdullayevin cəzası bu gün, iyunun 4-də başa çatır və sərbəst buraxılmalıdır. Hakim həmin qərarı da bugün, iyunun 4-də götürə biləcəyimi söylədi».

Amma vəkilin bu dediklərinə, hələlik, nə Nərimanov Rayon Məhkəməsindən, nə də hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olub.

Xatırlatma
Azərbaycan Xalq Hərəkatı (AXH) keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə bu ilin yanvarında yaradılıb. Ora bir sıra partiyalar, ictimai və siyasi fəallar daxildir. Qurum 2019-cu il mayın 25-də Bakıda mitinq keçirmək məqsədilə Bak Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Həmin aksiyaya razılıq verilməyib.

Həmin aksiyada, əsasən, Qarabağ münaqişəsinin gündəmə gətirilməsi planlaşdırılırdı. Hərəkatdan bildirildiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən onlara cavab məktubunda qeyd edilib ki, bu münaqişənin həlli ilə ən yüksək səviyyədə məşğul olunduğundan aksiyanı məqsədəuyğun saymırlar.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az