[:az]Səhiyyə naziri Oqtay Şirəliyevin təkbaşına aksiya keçirən Teymur Kərimovu məhkəməyə verdiyi bildirilir. T.Kərimov internet televiziyalarından biri ilə əməkdaşlıq edir.
Bu barədə T.Kərimovun özü məlumat verib. Onun sözlərinə görə, nazirə böhtan atıldığı iddia olunaraq Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
T.Kərimov qeyd edir ki, onun Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə cəzalandırılması istənilir. Əgər T.Kərimovun həmin maddə üzrə təqsiri sübuta yetirlərsə, ona 3 ilə qədər həbs cəzası verilə bilər.
T.Kərimov bildirib ki, məhkəmə iddiasının səbəbi onun mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına keçirdiyi aksiya zamanı dediyi sözlər olub: «Anam onkoloji xəstədir və xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, həkimlər rüşvət alır. Ona görə aksiya keçirmişəm».
T.Kərimov bildirib ki, məhkəməyə dediyi sözlərin sübutunu təqdim edəcək: «Anama lazım olan dərmanlar verilmir, dərmanların siyahısı var və qoy səhiyyə naziri sübut etsin ki, onlardan heç olmasa, biri anama verilib».
T.Kərimov əlavə edib ki, iddia ilə razı deyil və məhkəmənin nazirin iştirakı ilə keçirilməsini istəyəcək.
Məhkəmə prosesinin iyunun 7-də başlayacağı gözlənir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və nazirdən münasibət öyrənmək, hələlik, mümkün olmayıb.
Mayın 18-də T.Kərimov Səhiyyə Nazirliyin qarşısında aksiya keçirmişdi. O, xəstə anasının müalicəsinə pul tapmadığını bildirərək, üst geyimini soyunmuş, paltarlarını satacağını açıqlamışdı. Onun iddiasına görə, anasının müalicəsindən ötrü dövlət xəstəxanasında pul istənilib.
Səhiyyə Nazirliyindən verilən cavab
Bu aksiyadan sonra Səhiyyə Nazirliyi də T.Kərimovun ittihamlarına münasibət bildirmişdi. Açıqlamada yazılırdı: «Jurnalist Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul olunub. Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb».
Səhiyyə Nazirliyi vurğulayıb ki, jurnalistin anası Fiqurə Kərimova 2019-cü ilin fevralından ET (elmi-tədqiqat) Hematologiya və Transfuziologiya İnstitutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb: «Diaqnoz qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Hal-hazırda xəstə ambulator müalicədədir. Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır».
Nazirliyin yaydığı məlumatda T.Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılıb. «Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətəuyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır».
Mətbuat xidməti qeyd edib ki, institut bu preparatlarla Dövlət proqramı çərçivəsində tam təmin olunur.
AZADLIQ RADİOSU[:]