[:az]Novxanıda saxlanan fəalların hamısı buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Mayın 28-də həm Müsavat Partiyasının, həm də Milli Şuranın Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı Novxanı kəndində keçirdiyi tədbirdə saxlananların hamısının buraxıldığı bildirilir.

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, Novxanıda keçirdikləri tədbir zamanı saxlananlar partiyanın Cəlilabad rayon təşkilatının 4 üzvü olub: «Onların 4-ü də sərbəst buraxılıb».

G.Aslanlı qeyd edib ki, onlara hər hansı inzibati cəza tətbiq olunmayıb.

Milli Şuranın tədbirində isə 8 nəfərin saxlandığı, onların da elə həmin gün, mayın 28-də buraxıldığı qeyd edilir. Hərçənd, əvvəlcə Milli Şura təmsilçiləri 10 nəfərin tutulduğunu açıqlamışdılar.

Qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu deyib ki, o da daxil tutulanların hamısı Abşeron Rayon Polis İdarəsinə gətirilib və bir neçə saat sonra buraxılıblar: «Amma «sərbəst buraxılıb» deyiləndə, elə başa düşmək lazım deyil ki, məsələ bununla da bitib. Bu saxlanmaları polis idarəsində protokollaşdırırdılar, bugün, sabah məhkəmələrə çağırışlar da ola bilər».

T.Yaqublu deyib ki, polis idarəsində izahat yazılması tələb olunsa da, bundan imtina edib: «Amma inzibati xətalar müstəvisində hansısa hüquqpozmalar, məsələn, polisin qanuni əmrinə tabe olmamaq kimi təqsirləndirmələrə əl ata bilərlər».

Amma bütün bu açıqlamalara, hələlik, Abşeron Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma
28 May Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Qeyri-iş günüdür. Dünən, mayın 28-də Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Bakının Novxanı kəndində, Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçiriblər. Həmin anım mərasimlərində də polislə gərginlik yaşanıb.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az