[:az]Ailəsi Ağa Sərxaninin nəşini ala bilmir
Gəncədə keçmiş icra başçısı Elmar Vəliyev və mühafizəçi polis əməkdaşı Qasım Aşpazovun güllələnməsindən sonra keçirilən əməliyyatlar zamanı onlarla adam həbs edilib, 8 nəfər öldürülüb. Öldürülənlərdən biri də “Müsəlman Birliyi” Hərəkatının üzvü Ağa Sərxani idi. Onun nəşi indiyədək ailəsinə təhvil verilməyib.
Həyat yoldaşı Sevinc Sərxani ötən müddətdə bununla əlaqədar dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət etsə də, nəticəsi olmayıb – Ağa Sərxaninin nəşini ala bilməyib.
S.Sərxaninin həyat yoldaşının ölümü ilə əlaqədar prokurorluğa ünvanladığı məktuba Binəqədi rayonunun prokuroru Nazim İmanov cavab yazıb. Cavab məktubunda yazılıb ki, Ağa Sərxani icra başçısı və mühafizəçisinə atəş açmaqla terror aktının törədilməsində yaxından iştirak edib. Buna görə axtarışa verilib. Yeri müəyyənləşdirilib, onun tutulması üçün əməliyyat keçirilərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə “cavab tədbiri olaraq, əməliyyat qrupu tərəfindən məhv edilib”.
Prokuror yazır ki, A.Sərxaninin meyiti ekspertizadan keçirildikdən üç gün sonra Kəpəz Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi İlham Məhərrəmova təhvil verilib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə Meydan TV-yə bildirib ki, Gəncədə sabiq icra başçısı və mühafizəçisi güllələnərkən Ağa Sərxani ölkədən kənarda olub. Hüquq müdafiəçisinin sözlərinə görə, bunu təsdiqləyən sənədlər də var: “Prokurorluğa sual etmək lazımdır ki, ölkədə olmayan şəxs icra başçısının güllələlənməsi hadisəsində necə iştirak edə bilərdi? Ağa Sərxaninin “Makarov” markalı tapança ilə müasir silahlarla silahlanmış çoxsaylı polis əməkdaşlarına “ciddi” müqavimət göstərməsi nağılını, onun qatı cinayətkar və terrorçu kimi “məhv edilməsi” epitetini bir kənara qoyub, nəşinin 10 aydır ailəsinə verilməməsinə prokurorluq orqanlarının necə “aydınlıq gətirməsinə” diqqət yetirək. Prokuror yazır ki, Ağa Sərxaninin meyiti sahə rəisinə təhvil verilib, vəssalam. Təsəvvür edin, mərhumun həyat yoldaşı Respublika Baş Prokurorluğundan ərinin qanunsuz öldürülməsi, həyatdan məhrum edilməsi, nəşinin 10 ay gizlədilib ailəsinə təhvil verilməməsi cinayətini araşdırıb ölçü götürülməsini tələb edir. Baş Prokurorluq isə yanlış və əsassız bəhanələr gətirib məsuliyyətdən qaçmağa çalışır. Yazırlar ki, sizin həyat yoldaşınızın nəşini filankəsə vermişik. Yəni gedin, özünüz araşdırın. Dəhşətli haldır”.
Ağa Sərxani 24 iyul 2018-ci ildə əməliyyat zamanı öldürülüb. Daha sonra onun yerdə meyitinin fotosu yayılıb. Fotoda onun əlində silah görünür. Ailəsi onun silahsız olduğunu, Ağa Sərxanini terrorçu kimi qələmə vermək üçün bu səhnənin quraşdırıldığını bildirir.
MEYDAN TV[:]