[:az] Bir məktəblinin intiharı…[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan mediası aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə VIII sinif şagirdlərindən birinin intihara cəhdi barədə xəbərlərə diqqət çəkib. Yayılan bilgilərə görə, həmin şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. O, daha sonra 1 saylı Klinik Xəstəxanaya yerləşdirilsə də, aprelin 6-da, günorta saatlarında yaşamını itirib.

Şagirdin intihar edərək həyatına son qoymasını anası S.H da təsdiqləyib.

Olayı ailə bir cür, məktəb başqa cür yozur
Hadisənin baş vermə səbəbinə gəlincə, məktəb rəhbərliyi ilə ailənin mövqeyi üst-üstə düşmür. Anası qızının hər hansı psixoloji probleminin olmadığını söyləyir və iddia edir ki, məktəbdə qızına olan münasibət intihara yol açıb. Ana bəzi məktəblilərin davranışına ayrıca diqqət çəkərək vurğulayıb ki, belə davranışlar haqqında məktəb rəhbərliyinə məlumatlar versə də, onun sözlərinə məhəl qoyulmayıb: «Qızımın problemi olsaydı, bunu mən bilərdim».
İntihara cəhddən sonra məktəb əməkdaşlarının bir müddət qızının səhhəti ilə də bağlı ona düzgün məlumat vermədiyini də söyləyən ana fikrini belə yekunlaşdırıb: «Bütün baş verənlərə görə məsuliyyəti 162 saylı məktəbin rəhbərliyi daşıyır».

Xəstəxanadan: «Vəziyyəti çox ağırdır»
Şagirdin vəfatından bir neçə saat öncə AzadlıqRadiosuna 1 saylı Klinik Xəstəxanadan bildirmişdilər ki, məktəbli qızın «vəziyyəti ağırdır, özü də çox ağırdır».

Məktəb direktoru nə deyir?
«Report» agentliyinin məlumatına görə, 162 saylı tam orta məktəbin direktoru Sevinc Abbasova sözügedən məktəblinin ölümüylə bağlı onun ailə üzvlərinə başsağlığı verib. O da bildirilir ki, direktor sosial şəbəkə istifadəçilərindən və media nümayəndələrindən olayın həssaslığının nəzərə alınmasını xahiş edib.

Ölən məktəbli qızın daha əvvəl 49 nömrəli «İntellekt» məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil aldığını söyləyən direktor onun ötən ilin noyabrında 162 saylı məktəbə köçürüldüyünə diqqət çəkib. «Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə məktəb psixoloqunun da iştirakı ilə bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub», – direktorun yaydığı məlumatda belə deyilir.

Şagirdlərdən və məktəb psixoloqundan, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.
Fakt üzrə cinayət işi açılıb
Hadisə ilə bağlı aprelin 6-da Bakı Şəhər Prokurorluğu və Təhsil İdarəsi birgə açıqlama yayıb. Məlumatda intihar faktına dair cinayət işi qaldırıldığı bildirilir.

Rəsmi qurumlar qeyd edirlər ki, 162 saylı məktəbin şagirdi 3-cü mərtəbədən yıxılandan sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, aprelin 6-da xəstəxanada vəfat edib.

Məlumatda o da vurğulanır ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Digər zəruri istintaq tədbirləri də həyata keçirilir.

Eyni zamanda qeyd edilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələ ilə bağlı xidməti araşdırma aparır.

Ekspertlər nə deyirlər?
Baş verən hadisə media və sosial şəbəkələrdə qızğın müzakirə edilir. İndi bəzi ekspertlər vurğulayırlar ki, bu hadisə məktəblərdə psixoloq ştatının da önəmini ortaya çıxarır. Onların fikrincə, bəzi məktəblərdə psixoloqlar yalnız kağız üzərində fəaliyyət göstərirlər.

Ekspertlər məktəb psixoloqlarının ildə bir dəfə, valideynlərin də imzalaması şərtiylə, hər uşağın psixoloji durumu barədə arayış tərtib etməsini vacib sayırlar.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az