[:az]Əmanətçilər Prezident Administrasiyasının qarşısında[:]

tərəfindən Gozetci

[:az]Lisenziyası ləğv edilmiş «Bank Standard» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 30-a yaxın əmanətçisi martın 14-də Prezident Administrasiyasının binası qarşısına toplaşıb.

Şikayətçilər əllərində əmanətlərinin qaytarılması istəyinə aid plakatlar, keçmiş prezident Heydər Əliyev və hazırkı dövlət başçısı İlham Əliyevin fotolarını tutublar.

Polis plakatların yığışdırılmasını tələb edib, vətəndaşlar dağıdılmayıb, etirazçılar media orqanlarına müsahibə veriblər.

Şikayətçilər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və Maliyyə Bazarlarına Nəzarət Palatasından şikayət ediblər, müraciətlərinə formal cavablar aldıqlarını söyləyiblər.

Bank müştəriləri deyiblər ki, Fond sığortalanmış pulların bir hissəsini qaytarıb, amma qalan sığortalanmamış hissə ödənilməyib.

Həmin gün «Royalbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) əmanətçiləri də Prezident Administrasiyası qarşısına toplaşıblar. Onlar da öz pullarını tələb ediblər. Əmanətçilər bildiriblər ki, əgər ölkə daxilində məhkəmələr vasitəsilə haqların bərpa edə bilməsələr, Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlar.

Bəzi müştərilərinin sözlərinə görə, hətta övladının xaricdə təhsil ödənişi ilə bağlı banka qoyduqları əmanəti belə geri ala bilmirlər: «Məhkəmələr əmanətlərimizin sığortalanmadığını bəhanə gətirərək müsbət qərar verməkdən imtina edirlər».

Qəbulda…
Əmanətçilərin bəziləri Prezident Administrasiyasında qəbul ediliblər: «Bizə dedilər ki, şikayətlərə baxılır, əgər qərar qəbul ediləcəksə, bu, bütün bağlanmış bankların müştərilərinə şamil olunacaq», – şikayətçilərdən biri qəbuldan sonra söyləyib.

«Bank Standard» QSC 2016-cı ilin sentyabrında ləğv olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından onda bildirilmişdi ki, «Bank Standard»ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti var. Bunun 460 milyon manata yaxını qorunan əmanətlərdir.

Əmanətlərin Sığortalanması Fondu «Bank Standard» QSC-də isə 438.6 milyon manat qorunan əmanət olduğunu açıqlayıb. Həmin əmanətlərin 99 faizini qaytardığını bildirib.

«Royalbank» ASC isə 2015-ci il devalvasiyalarından 3 il əvvəl bağlanıb. Hər iki bankın bağlanmasına səbəb kimi onların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilib. Fondun məlumatına görə, bu bankın qorunan əmanətçilərinə isə 13.2 milyon manat (89 faiz) ödənilib.

Əmanətçilərin şikayətlərinə, hələlik, bağlanan bu bankın keçmiş məsul şəxslərinin, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və Maliyyə Bazarlarına Nəzarət Palatasının münasibətini almaq mümkün olmayıb.

Xatırlatma
2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib. Azərbaycanda bu proses başlayandan 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Bu yaxınlarda Əmanətlərin Sığortalanması Fondundan bildirmişdilər ki, həmin banklarda qorunan əmanətlərin 99 faizi qaytarılıb. Hələlik, qorunmayan əmanətlərin qaytarılacağından söhbət getmir.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az