[:az]Cahangir Hacıyev 6 aydır ailə üzvləri ilə əlaqə saxlaya bilmir[:]

tərəfindən Gozetci

[:az]Fəxrəddin Mehdiyev: “Cahangir Hacıyevə altı aydır ailə üzvlərilə görüşməyə və telefonla danışmağa icazə verilmir”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev deyir ki, o, 2018-ci ilin sentyabr ayından ailə üzvlərilə nə görüşə bilir, nə də telefonla danışır. Vəkilin sözlərinə görə, sabiq bankirə saxlandığı 1 saylı Bakı istintaq təcridxanasında 6 aydır ki, bununla bağlı məhdudiyyətlər tətbiq olunur.

Bundan öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilmiş C.Hacıyevin haqqında yeni cinayət işi üzrə elə həmin məhkəmədə yenidən mühakimə prosesi davam edir. Məhkəmə qarşısında C.Hacıyevlə yanaşı, daha 21 nəfər, o cümlədən onun dostu olmuş sabiq deputat Dünyamin Xəlilov, bacanağı İsmayıl Hidayətzadə də var.

Martın 11-də hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmədə vəkil Fəxrəddin Mehdiyev müvəkkilinin ailə üzvlərilə görüşü və telefon danışıqlarına olan məhdudiyyətin aradan qaldırılması üçün Bakı İstintaq Təcridxanasına məktub göndərilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, C.Hacıyevin bacısı bundan əvvəl təcridxananı məhkəməyə verərək, məhdiyyətlərin aradan qaldırılmasını istəyib. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qəbul etməyib.

Bu məhkəmədə də hakimlər Faiq Qəniyev, Mirzə Xankişiyev də Əli Məmmədovdan ibarət kollegiya vəsatəti təmin etməyib. Bildirib ki, C.Hacıyevin təcridxanada saxlanması onların səlahiyyətlərinə aid məsələ deyil.

“İntertekstil” ASC-də işləmiş xadimədən tutmuş, aşpaza, sürücüyə qədər xeyli adamın adına Beynəlxalq Bankdan kreditlər götürülüb. Məbləğlər də kifayət qədər böyük olub – bir neçə yüz min manatdan, milyonlara qədər. Adlarına kredit götürülən həmin şəxslər də martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilib.

Aşpaz köməkçisi işləmiş Arzu Qasımova bildirib ki, “İntertekstil” ASC-nin İdarə Heyətinin sədri Şakir Musayev onlardan şəxsiyyət vəsiqələrini gətirmələrini istəyib: “Dedi ki, şəxsiyyət vəsiqənizi gətirin, banka gedəcəksiniz. Bizi avtobusa mindirdilər, təxminən 15-20 nəfər olardıq. Gedib bankda sənədlərə qol çəkdik”.

Fabrikdə xadimə işləmiş Mehriban Abbasova bildirib ki, 2008-ci ildən orada çalışırdı. 2010-cu ildə onun da adına Beynəlxalq Bankdan kredit götürülüb: “Bizi banka apardılar, orada bəzi sənədlərə qol çəkdik. Başqa heç nədən xəbərim yoxdur”.

Fabrikdə usta işləmiş Mehdi Mehdiyev isə bildirir ki, onun adına bankdan kredit götürülməsi təklifini baş mühəndis İlham Allahverdiyevdən eşidib. O da Şakir Musayevin adından danışırmış: “Dedi ki, Şakir müəllim göstəriş verib, gedib sənədlərə qol çəkməliyik. Ayrı-ayrılıqda iki dəfə adıma kredit götürülüb. Bir dəfə 200 min, bir dəfə də 250 min dollar. Bizə deyirdilər ki, bu pullar fabrikin inkişafına xərclənəcək”.

Məhkəmə prosesi martın 18-nə qədər təxirə salınıb.

Təqsirləndirilən şəxslərə Beynəlxalq Bankın 4.3 milyard manat vəsaitinin mənimsənilməsilə əlaqədar ittihamlar irəli sürülüb.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az