[:az]Bu gün Azad Həsənovun məhkəmə prosesi davam edib[:]

tərəfindən Gozetci

[:az]

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib..

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən açıq məhkəmədə, əvvəlcə dövlət ittihamçısı Pərviz Rzayev ittiham aktını elan edib.

Daha sonra məhkəmə Azad Həsənovun ifadəsi ilə davam edib.

Azad Həsənov hansı şəraitdə və niyə həbs olunduğunu ətraflı izah edib.

Azad Həsənov vəkil Osman Kazımovun və hakimin suallarına cavab olaraq dediklərindən:

– Mən yoldaşım və 6 yaşlı oğlumla birgə 2014-cü ildən Azərbaycanı tərk etmişəm. Litvanın Vilnyus şəhərində yaşayıram.

-2018-ci ilin oktyabrın 10-da skayp vasitəsilə atamla danışdım. O, onkoloji xəstədir. Ayağını kəsiblər, sonra infarkt keçirib. Gördüm ki, ölüm ayağındadır. Fikirləşdim ki, sağ ikən atamı görüm. Anam öləndə onun yasına gələ bilməmişdim. İmkan olmamışdı. İndi də fikirləşdim ki, atamı sağ ikən görməyə çatmasam da, heç olmasa dəfnində iştirak edərəm. Oktyabrın 11-də tələsik yola çıxdım. Sübh tezdən – saat 5-in yarısında Bakıya çatdım. Atamla görüşdüm. Sonra xəstə dayıma baş çəkdim. Ordan məsçidə günorta namazına getdim. Namazdan sonra anamın qəbrini ziyarət etdim. Həmin gün saat 16 radələrində qardaşım və onun azyaşlı oğlu ilə küçəyə çıxdıq. Bu zaman böyük qardaşım mənə zəng vurdu ki, səni köhnə iş yerində axtarırlar. Dedi ki həbs etmək istəyirlər, pasportunu götür çıx get. Mən dedim, nə etmişəm ki, məni tutsunlar. Sonra küçəmizdən nabələd maşın keçdi. Şübhələndim ki məni izləyirlər. O maşın yenidən mənə yaxınlaşdı və məni zorla maşına mindirdi.

-Məni “qorotdelə” (Bakı Baş Polis İdarəsi) apardılar. Orada qoluma qandal vurdular və yuxarı apardılar. Yuxarıda dedilər ki narkotik artıq sənin cibindədir. Mənm o narkotikdən xəbərim yox idi. Yəqin ki, “qorotdel”in qabağında qolumu burub başımı aşağı əyərkən bu narkotiki cibimə qoymuşdular. Mülki geyimli şəxslər mənə dedilər ki, narkotikin sənə məxsus olduğunu boynuna almalısan. Mənə psixoloji təzyiq etdilər. Döyülməmək üçün, xəstə atamın narahat olmaması üçün onların yazdığı izahatı imzaladım.

-Mən ömrümdə narkotik görməmişəm. Heç siqaret də çəkə bilmirəm. Orda gördü cibima balaca bir şey atıblar. Dedilər ki özün qol çəksən cəzan yüngül olar. Fikirləşdim ki 30 sutka-zad verərlər qurtara gedər. Atam, ailəm narahat olmaz. Həm də başımın üstündə duran şəxslər mənə dedilər ki, burada izahata qol çəkməmək söhbəti olmur. Məhkəmədə bunları demişdim. Yazmışdım ki, özümü təqsirli bilmirəm. Amma protokola salmayıblar.

-Mən qorotdel də tualetə də getmişəm. əgər cibimdə narkotik olsa ən azı orda tullayardım. Hansı adam bilə-bilə ki polis dalınca gəlir cibində narkotik saxlayar? Mən həbs olununca 15 dəqiqə əvvəl qardaşım mənə zəng vurub axtarıldığımı demişdi. Bu, telefonda da var. Məhkəmə o danışığı ortaya çıxara bilər. Bir balaca vicdan olsa, bu ittihamın yalan olduğunu sübut etmək 5 dəqiqəlik işdir. Amma mən 5 aydır həbsdəyəm. Bunu heç kimə bağışlamayacam.

– 19 yaşımdan Müsavatın üzvüyəm. Həmişə müxalifətin aksiyalarında iştirak etmişəm. Yaşadığım Hövsan qəsəbəsində də sosial tələblərlə aksiyalarda iştirak etmişəm. Mən ölkəni tərk edincə əvvəl Hövsan Qəsəbəsinin icra nümayəndəsi mənim barəmdə xüsusi nəzarət qaydasında məhkəməyə şikayət vermişdi. O, məni 147-ci maddə ilə həbs etdirmək istəyirdi. Səbəb o idi ki, mən Hövsanda məktəb direktoruna qarşı valideynlərin aksiyası keçiriləndə jurnalistlərə müsahibə vermişdim. Müsahibədə demişdim ki, valideynərin direktoru döyməsi polisin təxribatıdır. Çünki o vaxt valideynlər direktorun uşağı döyməsinə etiraz olaraq qəsəbənin mərkəzinə toplaşmışdılar. Polis direktoru qorumaq əvəzinə, onu gətirib valideynlərin içinə salmışdı ki.

-Mən istər “qorotdeldə”, istər Xətai polisində, istər Xətai məhkəməsində tələb etdim ki, mənim ailəmlə əlaqə saxlamağıma imkan yaradın. İmkan vermədilər. Mənə vəkil təqdim etmədilər. Məhkəmədən sonra Kürdəxanıya apardılar. Vəkil osman Kazımov yalnız orda gəlib mənimlə görüşə bildi.

Məhkəmədə daha sonra Azad Həsənovun həbs edilməsi əməliyyatına rəhbərlik etmiş Bakı Baş Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı Elvin Kazımov ifadə verdi.

O, oktyabrın 11-də günorta saatlarında Azad Həsənovun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı aldığını, əməliyyat qrupu yaratdığını və Suraxanı rayonunun Hövsan qəsəbəsində Azad Həsənovu həbs etdiklərini dedi.

Əməlliyatçı daha sonra vəkil Osman Kazımovun suallarına cavab verib:

-O.Kazımov: Siz xəstəsiz?

-Əməliyyatçı: Yox.

– Bəs niyə tərləmisiz?

-Bura istidir.

-Danışanda diliniz niyə dolaşır?

-Mənim danışıq tərzim belədir.

-Azad Həsənovu niyə Hövsan polisinə aparmayıb uzağa, BŞBPİ-yə apardınız?

– Çünki bu əməliyyat məlumata mənə daxil olmuşdu, ö iş yerimə apardım.

-Siz niyə Hövsanda Azad Həsənovun saxlayarkən onun üzərində axtarış aparmadız?

-Çünki orda şərait yox idi, hal şahidləri cəlb edilməli idi, vəkil cəlb edilməli idi.

-Azad Həsənovun ailəsinə niyə məlumat vermədiz?

-Özü dedi ki ehtiyac yoxdur.

-Siz Azad Həsənovun cibindən 3,5 qram narkotik tapdınızsa, niyə onun evində axtarış aparmadınız?

– Azad dedi ki, evdə yoxdur.

Siz də inandınız? Axı o, cinayətkardır?

-Bəli İnandım.

Sual-cavab əsnasında məlum olub ki, əməliyyat qrupunun tərkibində bir nəfər mayor da olub. Amma nədənsə qrupun rəhbəri kimi baş leytenant Elvin Kazımov rəsmiləşib.

Azad Həsənov əslində əməliyyata Elvin Kazımovun rəhbərlik etmədiyini bildirib: “Mən həbs olunarkən maşında bir nəfər qabaqda sürücünün yanında oturmuşdu. Bir nəfər sağımda, iki nəfər isə solumda bir-birinin qucağında oturmuşdu. Bu adam bir-birinin qucağında oturan iki nəfərdən biri idi”.

Hakim onun başqa prosesinin də olduğunu bildirərək məhkəməyə fasilə verib.

Proses martın 18-də saat 15:00-da davam edəcək.

Məhkəmədə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Fərəc Kərimli, MSDM-in üzvü Arzu Səmədbəyli, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli, bir qrup Müsavat funksioneri və Azad Həsənov yaxınları iştirak ediblər.

Qeyd edək ki, Azad Həsənov oktyabrın 11-də ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Evinin yaxınlığında saxlanılan Azad Həsənov narkotika ittihamı ilə həbs edilib. Müsavat Partiyası Azad Həsənova qarşı itihamın uydurma olduğunu bəyan edib.

BASTA[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az