[:az]Milli Şura hakimiyyəti cəmiyyətdə əlavə gərginlik yaratmamağa çağırır[:]

tərəfindən Gozetci

[:az]

Demokratik Qüvvələrin Milli Şurası son vaxtlar yaranan gərginlikə baqlı Bəyanatla çıxış edib:

Yola saldığımız həftə hakimiyyətin daha bir neçə qanunsuz və anti-xalq addımları ilə yadda qaldı.

Əvvəla, hakimiyyət mitinq qorxusundan hələ də qurtula bilmədiyini göstərərək, Milli Şuranın martın 2-nə təyin etdiyi mitinqə də razılıq vermədi. Buna qədər Milli Şuranın mitinqlə bağlı daha 2 müraciətinə (26 yanvar və 23 fevral) “yox” deyilmişdi.
Bakı Şəhər İcra Hakimiyyətinin imtina məktubunda formal olaraq hansı gülünc əsaslar göstərilməsinə baxmayaraq, bunun bircə adı var: İlham Əliyev və komandası xalqın daha kütləvi şəkildə etiraz nümayişinə çıxmağa hələ də hazır olduğunu bilir və bundan qorxur. Prezident Administrasiyasında əmin olublar ki, hətta 19 yanvar mitinqindən sonra zahirən xalqa doğru atılan bir sıra addımlar da cəmiyyətin etiraz potensialını azalda bilməyib və razılıq veriləcəyi təqdirdə 2 mart mitinqi 19 yanvardakı mitinqdən daha izdihamlı alınacaq. Həqiqətən də cəmiyyət İlham Əliyevin niyə məhz 19 yanvar mitinqindən sonra xalqın ayağına getdiyinin, bir-birinin ardınca sosial məzmunlu sərəncamlar verdiyinin fərqindədir. İlham Əliyev hakimiyyəti 19 yanvar mitinqindən bəri, sonrakı mitinqlərə razılıq verməsə də, faktiki Milli Şuranın irəli sürdüyü tələbləri qismən yerinə yetirməklə məşğuldur və bununla sonrakı etiraz aksiyalarının kütləviliyini azaltmaq niyyəti güdür. Təqdirə layiqdir ki, Azərbaycan cəmiyyəti bunu elə olduğu kimi də qəbul edir və daha izdhamlı mitinqlərə hazırlıq ovqatını qoruyub-saxlayır.
Milli Şura bir daha bəyan edir ki, mitinqlərə razılıq verilməməsi hakimiyyətin törətdiyi qanunsuzluqdur, ölkə Konstitusiyası və Avropa Konvensiyasının tələblərini pozmaqdır. Milli Şura hakimiyyətdən xalqın sərbəst toplaşmaq hüququnu qaytarmağı tələb edir və bildirir ki, bunun əksi cəmiyyəti arzu olunmaz proseslərə sürükləməkdir, bunun ən ağır nəticəsi isə elə hakimiyyətin özü üçün olar. Odur ki, hakimiyyət bütövlükdə dövlətimiz və xalqımız üçün təhlükəli olan indiki mövqeyindən təcili imtina etməli, vətəndaşların dinc toplaşaraq, öz etirazlarını ifadə etməsinə şərait yaratmalıdır. Milli Şura bəyan edir ki, etiraz mitinqlərinin təşkilində bundan sonra da israrlı və davamlı olacaq, yaranan hər yeni situasiyanı diqqətlə analiz edərək, uyğun qərarlar verəcək.

*
Həftənin daha bir mühüm siyasi hadisəsi AXCP-yə və onun sədri Əli Kərimliyə qarşı ötən ilin may ayından başlanmış qurama cinayət işinin yekunlaşması oldu. Guya AXCP-yə və onun sədrinə qanunsuz maliyyə yardımı göstərdikləri üçün cinayət məsuliyyətinə cəlb edilən Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli üzərində məhkəmə prosesi təqsirləndirilənlərə haqsız və ağır cəzaların verilməsi ilə başa çatdı. Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il müddətinə azadlıqdan məhrum edildi, Vidadi Rüstəmli və Ruslan Nəsirli isə 7 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxıldı.

Milli Şura tamamilə qurama olduğuna əvvəldən də əmin olduğu bu iş üzrə məhkəmə prosesini diqqətlə izləyib və qətiyyətlə bildirir ki, istintaqın necə siyasi sifarişlə və saxtakrlıqla, qanunsuzluq və ağır işgəncələrlə aparıldığı proses boyu bütün çılpaqlığı ilə ortaya qoyuldu. Sübut olundu ki, ortada heç bir cinayət əməli yoxdur, təqsirləndirilən şəxslər məhz AXCP sədrinə qarşı təxribat məqsədilə həbs ediliblər. Bütün bunlara baxmayaraq, məhkəmə təqsirləndirilən şəxslərə bəraət vermək və istintaq zamanı onlara ağır işgəncələr verən, başqa qanunsuzluqlar törədən şəxslərin məsuliyyətə cəlb olunması üçün addım atmaq əvəzinə, belə bir ədalətsiz hökm çıxardı.

Milli Şura bəyan edir ki, bu hökmün arxasında siyasi sifariş dayanır və ləğv olunmalıdır. Hakimiyyət bununla repressiya siyasətini davam etdirdiyini göstərir və ölkədə siyasi məhbus problemini ağırlaşdırır. Eyni zamanda belə bir mesaj verir ki, Azərbaycanda siyasi məhbus probleminin həlli üçün göstərilən daxili və beynəlxalq səylər yetərli deyil, hakimiyyətə bu istiqamətdə təzyiqlər gücləndirilməlidir.
Milli Şura hesab edir ki, hakimiyyət belə bir aşkar qanun pozuntusuna və ədalətsizliyə sifariş verməklə əslində növbəti ciddi səhvini buraxıb. Hərçənd, onun imkanı var ki, ən azı növbəti instansiya məhkəməsində bu səhvi düzəltsin. Milli Şura hakimiyyəti bu imkandan yararlanmağa çağırır və tələb edir ki, bu şəxslər də daxil olmaqla, bütün siyasi məhbuslar tezliklə azadlığa buraxılsın.

*
Nəhayət, həftənin bir xoşagəlməz hadisəsi də Xocalı soyqırımının ildönümündə hakimiyyətin törətdiyi hərəkət oldu. Azərbaycan hakimiyyəti müxalifətə düşmən münasibətini artıq milli hüzn günlərində belə biruzə verməyə başlayıb və bu il fevralın 26-da, Xocalı soyqırımını anım günündə də öz ənənəsinə sadiq qaldı. Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucldılan Ana harayı abidəsini müxalifət liderləri və tərəfdarlarının ziyarətinə faktiki imkan verilmədi. Müxalifətin Xocalı şəhidlərini ziyarətinə əvvəlki illərdə də əngəl törədilib. Lakin bu il bu rüsvayçılıq daha açıq-aşkar və kobud xarakter alıb. Əvvəlcə Müsavat Partiyasının, ardınca da Milli Şuranın Ana harayı abidəsinə yaxınlaşması polis zorkılığı və başqa süni maneələrlə əngəllənib, Müsavat Partiyası rəhbərliyi zorakılığa məruz qalıb və partiya funksionerlərindən biri sağlamlığını itirib, AXCP sədrinə qarşı təxribata cəhd olub. Hakimiyyətin bu əməli hətta milli ziyarətgahları da müxalifətin üzünə bağlamaq cəhdidir. Bundan əvvəl ötən ilin 17 noyabrında Milli Şuranın və bu ilin 20 yanvarında müxalifətin Şəhidlər Xiyabanını ziyarəti zamanı hakimiyyət orqanlarının törətdiyi rüsvayçılıq, ziyarətçilərin polis zorakılığına məruz qalması və həbs olunması da eyni məqsədə qulluq edirdi. Təəssüf ki, Azərbaycan hakimiyyəti milli heysiyyatımızı, müqəddəs dəyərlərimizi tapdalayan bu əməlini getdikcə daha açıq formada və həyasızcasına törətməkdədir. Milli Şura bu baş verənləri İlham Əliyev hakimiyyətinin anti-xalq olmasının daha bir sübutu kimi qiymətləndirir və tələb edir ki, dövlət rəsmiləri bu rüsvayçılığa görə xalqdan üzr istəsin, bir daha belə halların təkrarlanmayacağına təminat versin. Milli Şura hakimiyyəti məsuliyyətli olmağa və belə hərəkətlərlə cəmiyyətdə əlavə gərginlik yaratmamağa çağırır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az