[:az]Quba sakini ondan qisas aldıqlarını deyir[:]

tərəfindən Gozetci

[:az]Quba sakini: “Şərləyib ya həbsə, ya da ruhi xəstəxanaya göndərəcəklər”

“Həyat yoldaşımın saçından tutub sürüdülər, itələyib yıxdılar. Məni isə döyə-döyə maşına mindirib polis şöbəsinə apardılar”.

Bu sözləri Meydan TV-yə deyən Zahir İsayev Quba sakinidir. İddiasına görə, bu il noyabrın 16-da günorta saat 5 radələrində yaşadığı mənzilə zorla daxil oaln polis işçiləri onu və həyat yoldaşını döyüblər. Daha sonra onu özləriylə Quba rayon Polis Şöbəsinə aparıblar.

Zahir İsayev danışır ki, Rusiyada Yekaterinburq Milis Məktəbini bitirdikdən sonra bir müddət oradakı hüquq-mühafizə orqanlarında çalışıb. 1995-ci ildə Azərbaycana qayıdıb. Burada ondan 7.000 ABŞ dolları alaraq ədliyyə polisinə işə düzəldiblər. Ədliyyə polisinin ləğvindən sonra işdə saxlanılması üçün ondan daha 3 min manat tələb olunub. Deyir, bu dəfə rüşvət vermədiyi üçün onu işdən çıxarıblar. O da işə bərpa olunmaq üçün məhkəməyə müraciət edib. Ancaq nəinki işə bərpa olunub, əksinə, ölkənin hüquq-mühafizə orqanları ilə münasibətləri daha da dərinləşib. Bundan başqa, mülkiyyət hüquqlarının bərpası ilə bağlı vətəndaşların nümayəndələri kimi məhkəmələrə çıxması da ona əlavə “başağrısı” olub. 2002-ci ildən Quba rayon hüquq-mühafizə orqanlarına vəzifəli şəxslər və onların əlaltıları ilə bağlı ərizələrlə müraciət edib. Qanunsuz tikintilər, vətəndaşların əllərindən alınan mülkləri, bəzi məmurlarla bağlı cinayət işlərinin qaldırılması tələbi nəticədə onun özünü təqiblərlə üz-üzə qoyub. Həbsə atılıb, əmlakları əlindən alınıb. Bir neçə il əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazdığı şikayətlərdən sonra əmlaklarının özünə qaytarılmasına dair məhkəmə qərarı çıxarılıb. Ancaq əvəzində ona və ailəsinə qarşı təqiblər daha da şiddətlənib.

Müraciətlərim öz başımda “çatladı”

Şikayətçinin dediyinə görə, ötən il iyaşı 80-ni ötmüş anasına təcavüz olunub. O, bu barədə Meydan TV-yə danııb:

“Mən yaxşı bilirəm ki, anamın kənddə tək yaşadığı evə girib ona təcavüz edənlər özbaşına olmayıb. Bu da sifarişli olub. Bu yolla məndən qisas almaq istəyiblər. Mən yerli prokurorluq işçilərini zorla kəndə apararaq anamdan izahatını aldırmışam, çünki maraqlarında deyildi bu hadisə… Bu boyda cinayət baş verib, hələ də cinayət işi qaldırılmayıb”.

Zahir İsayevin iki oğlu hərbi qulluqçudur. Hər ikisi Qusarda hərbçi kimi xidmətdədir. Deyir, hazırda övladlarına da təzyiq olunur.

“Prezidentə, Baş prokurora, nazirlərə etdiyim müraciətlər, necə deyərlər, öz başımda “çatladı”. Müraciətlərim ort-basdır olundu, əvəzində özümü şərləyib 1 illik həbsə atdılar. Əmlaklarımı əlimdən aldılar, şikayət yazacağım təqdirdə məni və ailə üzlərimi məhv edəcəkləri ilə hədələdilər. Bütün bunları yerli icra hakimiyyəti və yerli polis edirdi və bu təqiblər hələ də davam edir. İndi də ailə üzvlərim hədələnir, hərbçi kimi çalışan övladlarım təqib olunur. Məhkəmələrə, dövlət orqanlarına saysız-hesabsız ərizələr, müraciətlər ünvanlasam da, baxan yoxdur. Mən müraciət etdikcə, hədələr, təqiblər, şərləmələr də artır. Ötən ayın 16-da növbəti dəfə evimə hücum çəkib məni və həyat yoldaşımı döydülər, məni maşına basıb rayon polisinə apardılar. 5 saatdan çox saxladılar”.
Dedilər, səni dəlixanaya basarıq
Zahir İsayevin deməsinə görə, polis şöbəsində ondan Bakıya şikayət teleqramlarını dayandırmasını tələb ediblər:

“Dedim, biz nə edək? Məmurlar rayonu soyub talayır, insanların rayon məkəzindəki yerlərini əllərindən alıb özlərinə şadlıq sarayları tikirlər, kəndlərdəki torpaqları əllərindən alıb istirahət mərkəzi açırlar. Mənim də əlimdən yazmaq gəlir. Deyir, bəs bilmirsən ki, bu qədər yazırsan, səni dəlixanaya basarıq? Sən dəlisən. Ağıllı adam bir dəfə, iki dəfə yazar, yorular, dayanar. Sən yazmaqdan yorulmursan?”

Elə həmin gün axşam saat 11 radələrində polisdən buraxılıb:

“Mənə vərəqələrə qol çəkdirdilər. Orda bir tanış polis vardı, dedi, bu kağızları imzala, burdan çıx, yoxsa sənə torba tikib dəlixanaya göndərəcəklər. Çalış, dilini dinc saxla. Mən də vərəqələri imzalayıb çıxdım”.

Elə həmin gecə Zahir İsayev həyat yoldaşını da götürərək Bakıya gəlib. Hər ikisi ayrı-ayrı xəstəxanalarda yerləşiblər. Deməsinə görə, həyat yoldaşı hemofiliyadan əziyyət çəkir. Baş verənlərdən sonra səhhəti daha da ağırlaşıb. Özü isə insult və infarkt keçirib:

“1 aydır evimizə getmirik. Bir müddət ikimiz də xəstəxanada qaldıq, indi də orda-burda qalırıq. Hər gün dalımca qapıya gəlib-gedirlər. Tapşırıq da icra hakimiyyətindən gəlib. Məqsəd məni təzədən ya həbsə göndərməkdir, ya da ruhi xəstəxanaya… Mən prezidentə yazıram ki, məzlum xalqa kömək eləsin, ordan məktublarımı icra hakimiyyətinə göndərirlər, icra hakimiyyəti də üstümə polis göndərir”.
Hamıdan yazır
Quba Rayon Polis Şöbəsindən Zahir İsayevin polis şöbəsinə hansı səbəbdən aparılmasını açıqlamasalar da, onun dediklərini yalanlayıblar: “Ağ yalandır. Nə özünə, nə ailəsinə təzyiq yoxdur. Sadəcə, dəvət olunub, xəbərdarlıq edilib, şöbədən buraxılıb. Ondan sonra heç ona nə zəng olunub, nə yaşadığı ünvana gedilib. Öz-özündən xofludursa, polis neyləsin?”
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, Zahir İsayev bekarçılıqdan yazır:

“Bundan əvvəl də belə yalan məlumatlar yaydığı üçün həbsdə olub. O adam bekar adamdır, işi-gücü oturub prezidentə yalanlar uydurub yazıb göndərməkdən ibarətdir. Hamıdan yazır. Guya qurumumuz abadlıq işləri altında torpaqları zəbt edir, sahibkarları incidir. Ancaq ortada konkret bir fakt yoxdu. Anası ilə bağlı da yazıb, araşdırılıb, təsdiqini tapmayıb”.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az