[:az]Ələsgər Məmmədli: ”Media siyasəti ilə məşğul olanlar sürətlə ölkə hökumətini gözdənsalacaq addımları qəsdən artırırlar”
İctimai Televiziya və radionun Baş direktoru vəzifəsinə təyinatla bağlı qanun pozuntusu olub.
Media üzrə mütəxəssis, hüquqşünas Ələsgər Məmmədli Facebook sosial şəbəkəsindəki profilində bu barədə yazaraq, qeyd edib ki, İctimai Teleradio yayımı haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbi Baş Direktorun təyin edilməsi yox, seçilməsidir.
Mayın 11-də İTV Baş direktor Cəmil Quliyevin Baş direktor vəzifəsindən öz xahişi ilə azad edilməsi, Balakişi Qasımovun onun yerinə təyin edilməsi ilə bağlı məlumat yayıb:
“Bu norma İTV haqqında qanunvericilik formalaşarkən də o prosesdə olan hər kəs tərəfindən bilinir. Ayrıca, hər 4 ildən bir Baş direktorluğa namizədlərin elanı olur, 10 gün ərzində bu sahədə təcrübəsi olanlar namizədliklərini irəli sürür, sonra Yayım Şurasının azı 6 üzvünün səs verdiyi namizəd bu posta seçilir.
2017-ci ilin aprelində Milli Teleradio Şurası bu posta müsabiqə elan etmiş, 5 namizədin arasından İctimai Teleradio Yayım Şurası Cəmil Quliyevi ikinci dəfə seçmişdi. Cəmil Quliyevin 4 ildən tex getməsi bu prosesi dəyişməz. Yenə boşalan yerə müsabiqə keçirilməli idi”.
Yaranmış vəziyyətlə bağlı Ə.Məmmədli hesab edir ki, ya qanunlara baxmağı da artıq hesab edirlər, ya da Media siyasəti ilə məşğul olanlar sürətlə ölkə hökumətini gözdənsalacaq addımları qəsdən artırırlar:
“Qəsdən olmasa bu baş verməz”.
Milli Televiziya və Radio Şurası, Balakişi Qasınovun İTV-nin Baş direktoru vəzifəsinə təyin edilməsi məlumatı yayıldıqdan 3 gün sonra, 14-də bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.
Qanun pozuntusu üzə çıxdıqdan sonra, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-a bildirib ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir.[:]