[:az]AXCP fəalı, həbsdə olan Mirfeyzulla Seyidov 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, M.Seyidovun vəziyyəti ağır olaraq qalır. Müdafiə tərəfi M.Seyidovun vəziyyətinin yaxşılaşması üçün bunun yetərli olmadığını hesab edir və müxalifətçinin azad olunmasına təkid edir.
Onu həftədə üç dəfə dializ proseduruna aparırlar, hər prosedur 4 saat davam edir. Sonra özünə gəlmək üçün daha 4 saat xəstəxanada qalmalı olur. M.Seyidov həm də diabet və hipertoniya xəstəsidir.
Ötən həftə vəkil baş prokurora müraciət edərək həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Ancaq cavab yoxdur. Bazar ertəsi günün ikinci yarısında həbsdən apellyasiya şikayətinə baxılacaq.
M.Seyidov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə irəli sürülən ittihamı qəbul etmir.
M.Seyidov mayın 9-da saxlanılıb. Növbəti gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. AXCP-də hesab edirlər ki, M.Seyidov siyasi motivlərlə təqib olunur.[:]