[:az]’Abbas Hüseynov həbsxanada döyülüb, vəziyyəti ağırdır'[:]

tərəfindən Gozetci

[:az]Anası: ”Əli Kərimlini təbrik etdiyinə görə döyüldüyünü düşünürük”

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında döyüldüyü, vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, A.Hüseynov aprelin 28-də AXCP sədri Əli Kərimliyə təbrik ismarıcı ünvanladığına görə cəzalandırılıb.

Məlumatı A.Hüseynovun anası Rəhimə xanım da təsdiqləyib. O bildirib ki, oğlu aprelin 30-da evə zəng edərək, Qobustan həbsxanasında möhkəm döyüldüyünü, bununla da kifayətlənməyib, 5 gün cərimə kamerasına (kars) salındığını, lakin 3 gündən sonra rəisin göstərişilə oradan çıxarıldığını bildirib:

“4-5 nəfər tökülüşüblər üstünə, o qədər döyüblər ki, bədənində salamat yer yoxdur. Döyənlərdən biri də rəis müavini olub”.

Anası əlavə edib ki, döyülməmişdən əvvəl evlə telefonla əlaqə saxlayarkən Ə.Kərimliyə təbrikinin çatdırılmasını istəyib:

“O zəngdən sonra ona işgəncə veriblər. Ona görə düşünürük ki, yəqin o təbrikə görədir”.

Penitensiar Xidmət isə A.Hüseynovun döyülməsi barədə yayılan məlumatları təkzib edib.

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Nardaranda keçirdiyi, altı nəfərin ölümünə səbəb olmuş əməliyyat zamanı həbs olunub. O, ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama, dövlətin konstitusion quruluşunu dəyişmə kimi ittihamlarla məhkəmə önünə çıxarılıb. Onlar ittihamları rədd edib, yazılanların hamısının saxta olduğunu bildiriblər.

T.Bağırzadə, A.Hüseynov və digərləri həbs olunarkən və ondan sonra işgəncələrə məruz qaldıqlarını deyirlər.

A.Hüseynovun bundan əvvəl də Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatlar yayılıb. Hətta vəkili Yalçın İmanov ona işgəncə verilməsi haqda mediaya açıqlamasına görə Vəkillər Kollegiyasından kənarlaşdırılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az