[:az]Xədicə İsmayıl: Məqsəd həm də hesabımın üzərində həbsi saxlamaqdır[:]

tərəfindən Gozetci

[:az]Vergilər Nazirliyi ilə jurnalistin məhkəmə çəkişməsi davam edir

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı 63 min 138 manat 23 qəpiklik vergi borcu iddiası üzrə məhkəmə aprelin 19-da davam edib. Jurnalistin işinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aidə Hüseyn baxır.

X.İsmayıl 2014-cü ilin dekabrında həbs olunduqdan sonra ona verilən ittihamlar həm də bu idi ki, 2008-ci ilin iyulundan 2010-cu il sentyabrın sonuna qədər Azadlıq Radiosunun Azərbaycan nümayəndəliyinin Bakı bürosuna rəhbərlik etdiyi dövrdə radio 45 min 145 manat 63 qəpik mənfəət vergisindən yayınması, əməkdaşlarla əmək müqaviləsi yox, xidməti müqavilə bağlanıb və bu halda, büdcəyə vergi ödənişi 10 faiz az olub, bununla da 17 min 992 manat 60 qəpik bülcədən israf edilib.

İndi Vergilər Nazirliyi X.İsmayıldan həmin pulları tələb edir.

X.İsmayıl və vəkili Yalçın İmanov ötən məhkəmədə həm hakimin, həm də iddiaçı tərəfin nəzərinə çatdırmışdı ki, Ali Məhkəmə CM-nin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə ona bəraət verib.

X.İsmayıl Ali Məhkəmənin həmin qərarını da hakimə təqdim edərək, iş materiallarına əlavə olunmasını istəyib. Qərar materiallara əlavə olunub.

Vergilər Nazirliyinin nümayəndəsi belə bir qərarın mövcudluğunu təsdiqləsə də, o hissədə də iddiadan imtina etmədiklərini bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə X.İsmayılı həmin məsələdə təqsirsiz bilməyib, sadəcə, ittihamın yanlış tövsif olunması qənaətinə gəlib.

X.İsmayıl Vergilər Nazirliyinin təmsilçisinin yalan danışdığını söyləyib. Əlavə edib ki, qərarda hər kəsin müqavilə azadlığının olması, kiminsə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamasının cinayət sayılmamasından bəhs olunur.

Vergilər Nazirliyinin nümayəndəsi bildirib ki, onların iddiası X.İsmayıl haqqında hökm və qərarlara əsaslanmır, özlərinin də müstəqil şəkildə belə bir iddia qaldıra, vergilərin ödənilməsini tələb edə bilər.

X.İsmayıl və vəkili Azadlıq Radiosunun da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində bu məhkəməyə cəlb olunması barədə vəsatət qaldırıb. Jurnalist bildirib ki, Vergilər Nazirliyi ondan tələb etdiyi pulu Azadlıq Radiosundan da tələb edir. Buna görə tərəflər arasında da məhkəmə prosesi gedir.

Vergilər Nazirliyinin nümayəndəsi bu vəsatətə etiraz edib. Hakim də vəsatəti təmin etməyib. Bildirib ki, Azadlıq Radiosunun bu prosesə cəlb olunmasına zərurət yoxdur.

X.İsmayıl və vəkili vəsatətin təmin olunmamasına dair qərardadı hakimdən istəsə də, bu, onlara verilməyib. Jurnalist növbəti məhkəmə iclasında da qərardadın verilməsi üçün vəsatət qaldırmaq fikrindədir.

“Əslində bu məsələyə hələ cinayət işi başlanmamışdan İnzibati İqtisadi Məhkəmədə baxılmalıydı. Əvvəlcə Vergilər Nazirliyi Azadlıq Radiosu ilə məhkəmədə “bu vergilər ödənməli idi, yoxsa yox?” sualına cavab tapılmalıydı, sonra mənə qarşı hansısa hüquqi addımlar atıla bilərdi. Amma məqsəd verginin büdcəyə ödənilməsini təmin etmək yox, mənim həbsimə don geyindirmək idi. İndi də nə olursa olsun, bank hesabımın üzərində də həbsi saxlamaq istəyirlər”, – X.İsmayıl bildirib.

Məhkəmə prosesi aprelin 26-da davam edəcək.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az