[:az]Avropadan gələn məktub qəsdən yubadılıb?[:]

tərəfindən Gozetci

[:az]

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan bir neçə jurnalistin şikayəti ilə bağlı məktubunun onların vəkillərinə kommunikasiyadan ötrü müəyyən edilmiş müddətin bitməsindən sonra çatdırıldığı deyilir.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov danışıb. E.Sadıqovun deməsinə görə, sözügedən məktub ölkədən çıxışlarına yasaq qoyulan jurnalistlər Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı və Aytac Əhmədovanın şikayətləri ilə bağlıdır. AİHM həmin şikayətlərə birlikdə baxır.

Vəkil deyir ki, AİHM fevralın 20-də şikayətlərin araşdırılması ilə bağlı ona məktub göndərib.

«Məktub Fransadan fevralın 22-də çıxıb, Azərbaycana, bizim ünvana göndərilib. Azərbaycan poçtunun qeydinə görə, həmin məktub onlara guya, aprelin 4-də çatıb. Məktubu mənə bu gün, aprelin 10-da çatdırıblar», – vəkil deyir.

Vəkilin vurğulamasına görə, əsl sürprizlə isə məktubu alıb tanış olduqda üzləşib. E.Sadıqov deyir ki, həmin məktubda AİHM-in jurnalistlərin şikayəti ilə bağlı sualları olub. Onun bildirməsinə görə, məhkəmə fevralın 20-də göndərdiyi məktubda vəkilə sualları cavablamağa aprelin 3-dək vaxt verib.

İndi vəkil şikayətlər üzrə əlaqəni bərpa və davam etdirməkdən ötrü AİHM ilə əlavə yazışmalar aparmaq, durumu izah etmək məcburiyyətində olduğunu deyir.

«Başqa yol yoxdur, Avropa İnsan Hüquqları Məhkəməsinə yazıb, vəziyyəti izah etmək məcburiyyətindəyəm. Məhkəmə yəqin ki, şikayətlərlə bağlı yazışma üçün əlavə vaxt verəcək», – vəkil bildirib.

E.Sadıqov hesab edir ki, məktublar qəsdən yubadılır, bu yolla hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin intensiv qərarlar verməsinin qarşısını alacağını düşünür.

Vəkil poçtdan məktubların yubadılması ilə bağlı ağlabatan izahat almadığını iddia edir.

«Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) «Turan» agentliyinə məktubların qəsdən yubadılması ilə bağlı deyilənlərlə razılaşmayıblar. Mərkəzi Poçtdan bildiriblər ki, məktublar Azərbaycana nə vaxt daxil olursa, sənədləşdirilir, məsafədən asılı olaraq ünvanına çatdırılır.

Vəkil E.Sadıqovun bəhs etdiyi işlərdə şikayətçilər jurnalistlər Natiq Cavadlı, Aynur Elgünəş və Aytac Əhmədovadır. Onların hər üçünün ölkədən çıxışına yasaq qoyulduğu deyilir.

Adları çəkilən jurnalistlərin xaricdən yayımlanan MeydanTV ilə bağlı belə bir problemlə üzləşdikləri bildirilir. MeydanTV-nin bəzi vəzifəli şəxsləri ilə bağlı 2015-ci ildə Azərbaycan Baş Prokurorluğunda cinayət işi açıldığı açıqlanıb. Jurnalistlərin ölkədən çıxışına da həmin cinayət işi çərçivəsində yasaq qoyulduğu deyilir. Jurnalistlər yasağın qanunsuz olması iddiası ilə əvvəlcə yerli məhkəmələrə üz tutublar, ancaq onların iddiaları rədd edilib. Ardınca AİHM-ə şikayət edilib.

Bundan əvvəl Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmiş bir neçə şikayət ərizəsinin itdiyi də deyilirdi. İtən şikayətlər, əsasən, ictimai-siyasi fəalların işləri ilə bağlı idi.

Bir müddət öncə vəkil Yalçın İmanov açıqlamışdı ki, «Respublikaçı Alternativ» (REAL) Hərəkatının Sumqayıt Məclisinin üzvü, 2017-ci il fevralın 20-də polisə tabe olmama ittihamı ilə 30 sutka həbs cəzası alan Rahim Şalıyevin işi üzrə AİHM-ə göndərilmiş şikayət ərizəsi gedib çatmayıb.

Ondan əvvəl isə vəkillərdən Nemət Kərimli, Əsabəli Mustafayev, Elçin Sadıqov da eyni problemlə üzləşdiklərini açıqlamışdılar. Onlar demişdilər ki, gənc fəal Bayram Məmmədov, müxalifətçi Fuad Qəhrəmanlı, «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həzi və başqa məhbusların işi üzrə AİHM-ə göndərilən şikayət ərizələri gedib çatmayıb.

«Azərpoçt» MMC təmsilçiləri isə həmin vaxt məktubların bəzən ünvanına gedib çatmadığını təsdiqləmiş, belə texniki halların istənilən ölkədə baş verdiyini bildirmişdilər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az