[:az]Şəkidə təbliğat tədbirlərinə getməyənləri işdən çıxarmaqla hədələyiblər[:]

tərəfindən Gozetci

[:az]“Aprelin 5-də Şəki şəhər stadionunda prezidentliyə namizəd İlham Əliyevin təbliği ilə bağlı tədbir keçirildi. Bununla bağlı şəhərin təhsil, səhiyyə, mədəniyyət işçilərini zorla həmin tədbirə apardılar. Bir sözlə, büdcədən maliyyələşən təşkilatların işçiləri məcburən həmin tədbirdə iştirak etdi. Yoxsa işdən çıxarılacaqları ilə bağlı hədələnmişdilər”.

Şəki sakinləri Meydan TV-yə belə deyiblər. Onlar məktəblərə, tibb müəssisələrinə, kitabxanalara və s. bununla bağlı məktub göndərildiyini, iştirakın vacib olduğunu söyləyirlər:

“Getməyənləri nəyin gözlədiyini bilmirəm. Amma hər müsəssisədə iştirak edəcək hər 10 şəxsə bir nəfər başçılıq edir. Əks halda, həmin adam cəzalandırılacaq. O da hirsini sadə işçilərdən çıxaracaq. Məktəb direktorları, şöbə müdirləri də bununla bağlı ciddi tapşırıq alıblar. Onlar rəhbərlik etdikləri kollektivin üzvlərinin siyahısını tabe olduqları qurumun rəhbərliyinə göndəriblər”.

Meydan TV-də məktəblərdən birinə göndərilən məktubun surəti var. Orada bildirilir ki, Şəkinin İnçə – Zunud tam kənd orta məktəbinin 31 nəfər işçisi stadionda keçirilən tədbirə getməlidir. Məktubun sonunda direktor Məhərrəm Məhərrəmovun imzası var. Deyilir ki, tədbir çox ciddidir, izin almaq olmaz. İştirak vacibdir.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Şəkinin İnçə – Zunud tam kənd orta məktəbi ilə əlaqə saxlayıb. Direktor M.Məhərrəmov informasiyanın yalan olduğunu, belə bir tədbirin olmadığını, işçilərin isə ora məcburi aparılmadığını söyləyib:

“Sizə çatan məlumat tamamilə yanlışdır”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirib ki, bu cür sualları telefonda cavablandırmırlar:

“Zəhmət olmazsa, bizə sorğu göndərib. Sonra cavab verək. Araşdırmamış nəsə deyə bilmərik”.

Göndərdiyimiz sorğuya isə 2 gün ərzində cavab verilməyib.

Şəki Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bəli elə bir tədbir baş tutub. Ancaq stadionda olmayıb:

“Daha ətraflı məlumatımız yoxdur”.

Hüquqşünas Fariz Namazlı deyir ki, harada işləməyindən asılı olmayaraq, işçilərin siyasi partiyaların, özəlliklə hakim partiyanın tədbirində məcburi iştirak etməsi ilə bağlı məktub göndərilməsi və buna məcbur edilmələri qadağandır, qanunda məcburilik nəzərdə tutulmayıb:

“Düzdür, bu məktubda tədbirin nədən ibarət olması qeyd edilməyib, amma istənilən halda hansısa tədbirdə işçilərin mütləq şəkildə iştirak etməsini tələb etmək olmaz. Çünki işçinin əmək müqaviləsi üzrə öhdəlikləri var və yalnız iş vaxtı ərzində əmək funksiyalarını yerinə yetirməlidir, hansısa tədbirdə iştirak etmək onun əmək funksiyasina daxil deyil”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az