[:az]’Yüzlərlə azərbaycanlı siyasi fikir ayrılığına görə həbsdədir'[:]

tərəfindən Gozetci

[:az]Tbilisi Şəhər Məhkəməsinin 6 il azadlıqdan məhrum etdiyi azərbaycanlı cərrah, “Lancet” Klinikasının həmtəsisçisi Fərman Ceyranlı ictimaiyyətə müraciət edib.

Bildirir ki, İlham Əliyev rejimi onu, Gözəl Bayramlını, Əfqan Muxtarlını və yüzlərlə Azərbaycan vətəndaşını siyasi fikir ayrılığına görə həbs etdirərək zindanlara atdırıb. Hətta xarici dövlətlərdə yaşayanları da təqib edir.

“Haqqımda qaldırılan cinayət işi qondarma, əsassız görüntü yaradaraq insanların diqqətini əsas məsələlərdən yayındırmağa xidmət edir. Məhkəmə prosesində ifadə verən şahidlərin, Səhiyyə Nazirliyi komissiyasının və ekspertlərin qərarlarına əsasən, bu işin tərkibində heç bir cinayətin olmadığı bir daha təsdiqləndi”.

Fərman Ceyranlı deyir ki, nə xəstələrin əməliyyatında, nə işin təşkilində, nə maliyyə məsələlərində nöqsan aşkar edilib. Sadəcə xəstələr təcili şəkildə əməliyyat olunduqlarına görə Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac olmayıb:

“Bu, həm Gürcüstan qanunvericiliyində, həm də Dünya Səhiyyə Təşkilatının təlimatında var. Yeganə nöqsan cərrahın Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyasının müddətinin bitməsi idi. Hansı ki, sonradan 6 ay müddətində yenidən uzadıldı. Bu isə sadəcə olaraq adminstrativ qanun pozuntusudur. Cərrah 1000 lari məbləğində cərimə edildi. Bu barədə məhkəmə qərarı da var”.

Fərman Ceyranlı müraciətində “Lancet” Tibb Mərkəzinin təsisçilərindən biri olduğunu bildirir. Deyir, xəstəxananın direktoru, baş həkimi, maliyyə direktoru və sair digər qurumları var:

“Prokurorluq açılan qondarma cinayət işində gələcək uğursuzluğu gördükdə “Lancet” Tibb Mərkəzinə təzədən kompleks yoxlama göndərdi. Bu, mənim təqib edilməyimdir. Beləliklə, mənim həbsim müxalifəti dəstəklədiyimə və onlara əlimdən gələn köməyi etdiyimə görə Azərbaycan dövləti və şəxsən onun prezidenti İlham Əliyev tərəfindən sifariş edilib. Gürcüstan höküməti də bunu icra edib. Mənə, Əfqan Muxtarlıya 6 il iş kəsilib. Yəni sifariş yüksək səviyyədə həyata keçirilib. Məqamdan istifadə edərək insan haqları ilə məşğul olan qeyri-hökümət təşkilatlarına və beynəlxalq təşkilatlara müraciət edirəm – biganə qalmayın!”

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb. Burada təhsil alıb və işləyib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub. O, bir neçə il əvvəl Gürcüstana gedərək “Lancet” Klinikasının yaradıcılarından biri olub. Bu il mayın 22-də isə həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri ilə (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi fervalın 8-də azərbaycanlı həkimə 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı ittihamlardan yalnız dələduzluq təsdiqini tapıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az