[:az]Vicdanın səsini Məzahir Pənahov vasitəsilə oğurlamaq mümkün deyil[:]

tərəfindən Gozetci

[:az]Jurnalist barəsində çıxarılmış hökm qüvvədə qaldı

Jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsi barədə Balakən Rayon Məhkəməsinin hökmü qüvvəyə mindi. Aprelin 24-də Şəki Apelyasiya Məhkəməsində jurnalistin şikayətinin təmin olunmaması və hökmün qüvvədə saxlanması barədə qərar çıxarılıb.

Qərar elan olunmamışdan öncə Ə.Muxtarlı özü çıxış edib, onun xəsarət yetirdiyi iddia olunan sərhədçi gizir Qafur Məmmədov zərərçəkmiş qismində dindirilib, vəkil vəsatətlər qaldırıb.

Zərərçəkmiş dindirilərkən onun istintaqa ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyətlər olub. Bu səbəbdən onunla Ə.Muxtarlı arasında mübahisə yaranıb.

“Vicdanın olsun, işverənlik eləyirsən”, – Ə.Muxtarlı zərərçəkmiş gizirə deyib.

Hakim Rəfael Əliyev jurnalisti məhkəmə zalından çıxarmaqla hədələyib. Ə.Muxtarlı hakimə bildirib ki, məhkəmənin onunla və ya onsuz keçirilməsinin heç bir fərqi yoxdur. Onsuz da Prezident Administrasiyasından nə sifariş verilsə, onu da icra eləyib, həmin qərarı elan edəcəklər.

Məhkəmədə vəkil Elçin Sadıqov 14 vəsatət qaldırıb, heç biri təmin edilməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək, jurnalistin apelyasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib.

Vəkil Elçin Sadıqov isə əksinə, şikayətin əsaslı olduğunu söyləyib və hökmün dəyişdirilməsini, Ə.Muxtarlı haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş edib.

Daha sonra Ə.Muxtarlı son sözünü deyib. O, çıxışında hakimləri vicdanlı olmağa səsləyib. Bildirib ki, insanı başqa canlılardan fərqləndirən məhz vicdanlı olmasıdır:

“İnsanlıq tarixi milyon illər ərzində inanılmaz inkişaf yolu keçib. Vaxtilə uzaq hədəfləri daşl, oxla vuran insan, bu gün Marsa səyahətə hazırlaşır. İnsanı başqa canlılardan fərqləndirən əsas xüsusiyyəti onun elmi nailiyyətləri yox, insanın vicdanıdır. Vicdanının səsinə qulaq asan insan, quldarlıq quruluşundan müasir liberal cəmiyyətlərin qurulmasına nail olub. Biz vicdanımız sayəsində insan haqları, demokratiya və digər milli və bəşəri dəyərlərə sahib olmuşuq. Biz vicdanın səsini ədəbiyyatda daha aydın şəkildə eşidirik. Nəsiminin qəzəllərini, Dostoyevskinin “Karamazov qardaşları”nı, Orhan Pamukun “Qara kitab”ını, Volterin “Kandit”ini, Servantesin “Don Kixot”unu, Alekseyeviçin “Müharibənin qadın olan üzü” romanını oxuyanda vicdanın səsini daha uca səslə eşidirik.

Vicdanın səsi susmazdır. Vicdanın səsini söz və mətbuat azadlığı kimi boğmaq mümkün deyil. Vicdanın səsini xalqın səsi kimi Məzahir Pənahov vasitəsilə oğurlamaq mümkünsüzdür.

Bütün ömürboyu, davamlı şəkildə vicdansızlıq edən şəxslər belə, öz vicdanlarının səsini boğa bilməzlər.

Cənab hakimlər, mən əminəm ki, barəmdə verilən hökm sizin iradənizdən kənar qəbul edilib. Bu iş Avropa Məhkəməsinə gedəcək və həmin hökmün altında sizin imzanız olacaq. Təklif edirəm ki, vicdanızın səsinə indi qulaq asasınız. Sonra o səs sizə əzab verəcək”.

Ə.Muxtarlı Gürcüstandan oğurlanıb gətirildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanın hakim ailəsinin ölkə daxilində və Gürcüstandakı biznesini ifşa etdiyinə görə saxta ittihamlarla həbs olunub.

Jurnalist vəkili Nemət Kərimlinin vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 apreldə verdiyi qərara da toxunub. N.Kərimli Baş prokurorun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına şikayət məktubu əsasında cəzalandırılıb. Usubov vəkili hüquqlarını müdafiə etdiyi Ə.Muxtarlının həbsini siyasiləşdirməkdə, jurnalistin Gürcüstandan oğurlanıb Azərbaycana gətirilməsi barədə açıqlama verməkdə ittiham edib.

Ə.Muxtarlı məhkəmədə bildirib ki, vəkilinin məhz ona görə cəzalandırılması da bu işin siyasi motivli olduğunu sübut edir.

“Mən beynəlxalq aləmə müraciət edirəm. Siyasi məhbusları, günahsız insanları müdafiə edən vəkilləri cəzalandırırlar. Buna biganə qalmaq olmaz. Kampaniyaya başlayın…”, – Ə.Muxtarlı bildirib.

Bir neçə dəqiqə çəkən müşavirədən sonra Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası apelyasiya şikayətinin təmin olunmadığını elan edib.

Ə.Muxtarlı 2017-ci il mayın 29-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə), 318 (dövlət sərhədini qanunsuz keçmə) və 206 -cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. İddia olunur ki, jurnalist Gürcüstan-Azərbaycan sərhədini Balakən rayonu ərazisində qanunsuz keçərkən onu hərbçilər saxlamaq istəyib. Bu zaman jurnalist onlara müqavimət göstərib. Saxlanılarkən cibindən 10 min avro pul tapılıb.

Ə.Muxtarlı ittihamları rədd edib və saxta olduğunu bildirib. Onun sözlərinə görə, ittihamda yazılanların hamısı yalandır. Bildirib ki, onu Tbilisidə yaşadığı evin yaxınlığında oğurlayıb zorla maşına mindirib, başına torba keçirərək, döyə-döyə Azərbaycana gətiriblər. 10 min avronu da onu oğurlayıb gətirən şəxslər cibinə atıblar.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az