[:az]Nardaran əməliyyatında iflic olan: ‘Biz qumbara atmışıqsa, onun çalası hanı?'[:]

tərəfindən Gozetci

[:az]Orada qumbara atılıbsa, mütləq onun yeri, kənara düşən qəlpələri olmalıydı. Qumbaranın cəmi iki qəlpəsi olmur ki… Bu qədər polisin içinə qumbara atılsaydı, onlardan yalnız ikisi ölərdimi?», – 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadov belə deyir.

Həmin əməliyyatda Ə.Bünyadov özü də iki güllə yarası alıb. Güllələrdən biri onurğa sütununa dəydiyindən hərəkət qabiliyyətini itirib. İndi məhkəməsinə də Təcili Tibbi Yardım vasitəsilə xərəkdə gətirilir, prosesdə elə uzanmış vəziyyətdə iştirak edir.

Ə.Bünyadov Nardaran hadisələrindən sonra axtarışa verilib, 2017-ci ilin martında həbs olunmuş Elxan İsgəndərovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onların məhkəməsində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Zərərçəkmişlər də Nardaran əməliyyatını keçirmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarıdır.

Martın 6-da keçirilən məhkəmədə idarənin əməkdaşlarından Mehman Teymurov, Firuz Mehdiyev, İbrahim Kazımov, Müslüm Tarverdiyev, Şahlar Cəfərov, Hikmət Əliyev dindirilib. Onların ifadələri eyniməzmunlu olub. Deyiblər ki, idarəyə «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun ətrafına adamlar toplayıb, silahlandığı, dövlət çevrilişi hazırladığı haqda məlumat daxil olub. Onlar da həmin məlumat əsasında təxminən 20 nəfərlik heyətlə Nardarana gedib, Bünyadovun evində əməliyyat keçiriblər. Onların iddiasına görə, təqsirləndirilən şəxslər atəş açıblar, qumbara atıblar, evdən silah-sursat götürülüb. Polislərin sözlərinə görə, iki polis də qumbaradan dünyasını dəyişib.

Polislərdən F.Mehdiyev deyir ki, Ə.Bünyadovun yanında olan şəxslərə «qorxmayın, atəş açın» dediyini eşidib.

Ə.Bünyadov isə polisin yalan danışdığını söyləyib: «Siz yalan danışırsız. Həmin vaxt balaca Abbas (Taleh Bağırovla birlikdə mühakimə olunub, 14 il 6 ay həbs cəzası almış Abbas Quliyev) yanımda olub. Məni dərhal vurdular. Vuran kimi də iflic oldum…».

Ə.Bünyadov polislərdən əməliyyatın çəkilişinin olub-olmadığını soruşub. Onlar birmənalı cavab verməyiblər. Deyiblər ki, bilmirlər, çünki bu, onların səlahiyyətində olan məsələ deyildi.

«Beş gün, bir həftə əvvəldən telekanallarda o əməliyyatın reklamı gedirdi. Bizi «terrorçu» elan eləmişdilər. Bəs nə əcəb belə bir əməliyyatın çəkilişi yoxdur?», – Ə.Bünyadov polislərdən soruşub.

Özü isə məhkəmədə ifadəsində bildirmişdi ki, əməliyyat zamanı çəkiliş aparılıb, sadəcə, orada polislərə sərfəli olmayan görüntülər olduğundan üzə çıxarmadılar: «Əgər bizdə silah olsaydı, biz həqiqətən atəş açsaydıq, onu göstərərdilər. Amma bunların heç biri olmayıb. Ona görə də gizlətdilər».

Məhkəmə martın 16-da davam edəcək.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər. Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az