[:az]Fermer: Güzəştli qiymətlərlə gübrə, yanacaq, motor yağı verməlidirlər, vermirlər[:]

tərəfindən Gozetci

[:az]Kənd təsərrüfatı məhsulu istehsal edən «Şindan» kooperativinin sədri Zeydulla Cəbiyevin dövlətdən istəkləri var.

Onun deməsinə görə, problemləri çox olsa da ötən il kifayət qədər kənd təsərrüfatı məhsulu tədarük edib:

«Kollektiv təsərrüfatın 55 hektar torpaq sahəsi var. Bunun 46 hektarı dağ, 9 hektarı isə aran ərazisində yerləşir. Kooperativin 48 baş iribuynuzlu, 461 baş xırdabuynuzlu, 40 arı ailəsi var. Torpaqlarımız dəniz səviyyəsindən 1500-1800 metr hündürlükdə yerləşir. Burda iqlim sərtdir. Soyuqlar tez düşür, qar hər yanı örtür. Buna görə də çətindir…»

«Güzəştli qiymətlərlə gübrə, yanacaq, motor yağı verməlidirlər, vermirlər»

Onun sözlərinə görə, ötən il nə güzəştli yanacaq, nə də yardım alıb:

«Təsərrüfatımda işləyənlərə günəmuzd əmək haqqı verirəm. Dağ şəraitində 150 nəfərdən çox adamı yaşadıram. Güzəştli qiymətlərlə gübrə, yanacaq, motor yağı verməlidirlər, vermirlər».

«Otlaq sahələrini imkanlı adamlara verirlər»

Sahibkar deyir ki, onlara dəstək olmadığına görə, borcları artır:

«Otlaq sahələrini imkanlı adamlara verirlər. Onlar da otu baha qiymətə satırlar. Müraciət etmişəm ki, mənə də otlaq sahəsi verilsin. Oradan yığılan otla mal-qaranı saxlayım. Vermirlər. Dağ ərazisində zəncirli traktorlar ləng işləyir. Yanacaq çox istəyir. Müraciət etmişəm ki, mənə təkərli traktor versinlər, hərə bir qiymət deyir. İnanın ki, qazandığım pulların çoxu xərclərə gedir. Cüzi hissəsi qalır…»

«İnanın ki, özüm də fəhlələrlə birlikdə işləyirəm»

Zeydulla Cəbiyev qovluğa topladığı sənədləri, məktubları bir-bir göstərir:

«Yerli icra orqanlarına dəfələrlə müraciət etmişəm. Mənə deyirlər ki, bu qədər mal-qaran var, sat texnika al. Bir dənə texnika almaq üçün mal-qaranın yarısını gərək satam. Sonra onun yerini necə doldurum? Sonra deyirlər ki, sənin təsərrüfatın böyükdür, qazancı da çox olmalıdır. Problemləri əldə etdiyin qazancla həll et. Təsərrüfatı genişləndirmək istəyirəm ki, davamlı olsun. İnanın ki, özüm də fəhlələrlə birlikdə işləyirəm. Əllərimə baxın…»

O qabarlı əllərini göstərir: «Belə vəziyyətdə qışda dilənçi, yazda isə əkinçiyik».

Sahibkar deyir ki, problemlərlə bağlı Astara Rayon İcra Hakimiyyətinə də müraciət edib.

O, bizə İcra hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsindən aldığı cavab məktubunu təqdim edir.

Məktubda yazılıb:

«Sizə sahibkarlıq fəaliyyətini genişləndirmək üçün əlavə torpaq sahəsinin ayrılıb icarəyə verilməsindən ötrü Kijabə bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur. Gələcəkdə boş torpaq sahəsi olarsa, sizə torpaq sahəsinin ayrılıb icarəyə verilməsi barədə müvafiq köməklik göstəriləcək».

Astara rayon icra hakimiyyətindən əlavə olaraq bildirdilər ki, Zeydulla Cəbiyev kənd təsərrüfatına edilən güzəştlərlə bağlı uyğun orqanlara müraciət edə bilər:

«Kənd Təsərrüfatı idarəsinə müraciət etsin, biz nəzarətdə saxlayarıq».

Kijabə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov də sahibkarın onlara torpaqla bağlı müraciət etdiyini inkar etmir:

«Bir neçə dəfə bizdə olub. Bələdiyyənin 56 hektar torpaq sahəsi var. Bu sahələr məndən əvvəl icarəyə verilib. Bir icarəçinin müqavilə müddəti bitir. O istəməsə 5 hektarı Zeydulla Cəbiyeva verərik. Hələlik, vəziyyət belədir».

Sahibkar istədiyi cavabı almadığından birinci vitse prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Həmin məktubda isə yazılır:

Fermer birinci vitse prezidentə yazır

«Rəhbərlik etdiyim «Şindan» kooperativinin əldə etdiyi göstəriciləri sizə göndərirəm. Əlaqədar təşkilatlar mənə yardım etsəydilər əldə etdiyimiz nailiyyətlər daha çox olardı. İribuynuzlu mal-qaranın sayını artırmaq, camışçılığı inkişaf etdirmək istəyirəm. Bunun üçün mənə otlaq sahəsi lazımdır. Yeni texnikaya ehtiyacım var…»[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az