[:az]Dekan müavini həbs məsələsində israr etsə də, hökm dəyişmədi[:]

tərəfindən Gozetci

[:az]Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin tələbəsi Zəka Mirağayevin aylıq əməkhaqqısının 15 faizi tutulmaqla, 1 il islah işlərinə məhkum olunması haqda hökm dəyişdirilmədən qüvvədə saxlanıldı. Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Hərçənd, bu hökm tərəflərin heç birini qane etmir. Tələbə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin hökmü əsassızdır, ona bəraət verilməlidir. Dekan müavini isə əksinə, hökmü çox yüngül hesab edir. Onun fikrincə, islah işləri ilə kifayətlənmək olmaz, tələbə böhtan söylədiyinə görə həbs olunmalıdır.

Fevralın 5-də məhkəmədə qərardan öncə tərəflərin hər ikisi çıxış edib, öz tələblərini səsləndiriblər.

Tələbənin vəkili Elçin Sadıqov dekan müavininin iddia ərizəsində göstərilən məqalələrdən birini təqdim edərək deyib ki, həmin material anonim olub, onu Z.Mirağayevin yazması haqda heç bir sübut yoxdur. Üstəlik, fakültədəki korrupsiya və rüşvətxorluq halları haqda məqalədə öz əksini tapan iddialar təkzib olunmayıb. Vəkil çıxışının sonunda hüquqlarını müdafiə etdiyi tələbə haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Z.Mirağayev də söyləyib ki, fakültədə baş verənlər haqda mətbuata müsahibə verməmişdən əvvəl mediada bu mövzuda yazılar getmişdi. 2017-ci il fevralın 14-də dərc olunmuş məqaləni misal göstərən Mirağayevin sözlərinə görə, orada dekan müavininin adı çəkilib, onun ünvanına rüşvət iddiaları yer alıb: «Mən də öz müsahibəmdə həmin məqaləyə istinad eləmişəm. Həm də fakültədəki tələbə və müəllimlərin Nigar İsmayılzadənin əməllərindən narazı olduqlarını, hətta şikayət ərizələri yazdıqlarını demişəm. Mən heç kimə böhtan atmamışam, heç kimin şərəf və ləyaqətini alçaltmamışam».

Ardınca N.İsmayılzadənin vəkili Kamandar Nəsibov çıxış edib. Yasamal Rayon Məhkəməsinin hökmündən narazı olduğunu deyən vəkil ətraflı danışmaq istəməyib. Bildirib ki, qarşı tərəfin təqsiri birinci instansiya məhkəməsində kifayət qədər sübuta yetirilib. Amma K.Nəsibov cəzanın yüngül olmasından gileylənib. Vəkil Z.Mirağayevin onun müvəkkilini ağır cinayət sayılan rüşvət almaqda ittiham etdiyini yada salıb, böhtana görə tələbəyə həbs cəzası verilməsini istəyib.

Hakimlər kollegiyası isə qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Tələbənin vəkili E.Sadıqov bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcəklər.

Yasamal Rayon Məhkəməsinin hökmünə görə, mətbuata müsahibələrində, yazılarında fakültədə rüşvətxorluq, özbaşınalıq halları olduğunu deyən və buna görə N.İsmayılzadəni günahlandıran tələbə bununla dekan müavininə böhtan atıb. Ona görə də Z.Mirağayev CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib.

N.İsmayılzadə tələbənin həm də CM-nin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyirdi. Amma məhkəmə Mirağayevin yazılarında, müsahibələrində təhqir olmadığı nəticəsinə gəlib və bu maddə ilə ona bəraət verilib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az