[:az]Avropa Məhkəməsində Azərbaycanla bağlı qərarlar artır[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən şikayətlərin sayına görə Azərbaycan ilk onluqda qərarlaşır. Məhkəmənin hazırda icraatında olan şikayətlərin 4 faizə qədəri Azərbaycanın payına düşür.

Bu haqda AİHM-in bu gün, yanvarın 25-də açıqlanan illik hesabatında bildirilir. Hesabatın mətni məhkəmənin saytında yayılıb.

Hesabata görə, məhkəmədə şikayətlərin sayına görə Azərbaycandan öndə 6 ölkə- Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, İtaliya və Macarıstan gəlir. Rumıniyadan 9 min 900, Rusiyadan 7 min 750, Türkiyədən 7 min 500, Ukraynadan 7 min 100, İtaliyadan 4 min 650, Macarıstandan 3 min 550, Azərbaycandan isə 2 min 50 şikayət baxılmasını gözləyir.

AİHM-in icraatında olan şikayətlərin ümumilikdə 75 faizə qədəri məhz Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, İtaliya, Macarıstan və Azərbaycanın payına düşür. 25 faiz yerdə qalan 40 ölkədən daxil olan şikayətlərdir.

Ümumilikdə, 2017-ci ildə AİHM-ə müraciətlərin sayında ciddi artım olub. 2016-cı ildə məhkəməyə 53 min 400 şikayət daxil olmuşdusa, 2017-ci ildə bu, 63 min 400-ə çatıb.

AİHM 2017-ci ildə ümumilikdə 1068 qərar verib. Bu göstərici də ötən ildəkindən artıqdır. 2016-cı ildə qərarların sayı 993 olub.

2017-ci ildə Azərbaycandan daxil olan şikayətlərin sayında da ciddi artım olub – 679 şikayət. Şikayətlərin sayı 2015-ci ildə 268, 2016-cı ildə isə 331 olmuşdu.

Hesabata görə, Azərbaycanda əhali sayına görə hər 10 min nəfərə 0.69 şikayət düşür. Bu göstəricidə də artım var. 2015-ci ildə uyğun göstərici 0.28, 2016-cı ildə isə 0.34 olub.

Qonşu Gürcüstanda bu kateqoriya üzrə göstərici xeyli aşağıdır. Gürcüstanda hər 10 min nəfərə 0.24 şikayət düşür.

Əhali sayına düşən şikayətlərə görə, Türkiyə liderdir. Bu ölkədə hər 10 min vətəndaşdan 3.25-i şikayət göndərib.

Hesabatda yazılıb ki, AİHM 2017-ci ildə Azərbaycanla bağlı 26 qərar verib. 2016-cı ildə isə bu rəqəm 16 olub.

Ötənilki qərarlarda iddia olunan pozuntuların əksəriyyəti tanınıb. Rusiya və Ukrayna istisna olmaqla, Azərbaycan qərar sayına görə, keçmiş SSRİ ölkələri arasında liderdir. AİHM ötən il Moldova barəsində 16, Ermənistan və Gürcüstanla bağlı 12, Estoniyadan gələn şikayətə görə isə cəmi 2 qərar çıxarıb.

Məhkəmənin statistikasına görə, Azərbaycanda vətəndaşlar daha çox ədalətli məhkəmə araşdırması, sərbəst toplaşmaq və azadlıq hüququnun pozulmasından şikayətlənib.

AİHM indiyədək Azərbaycanla bağlı 148 qərar verib. Həmin qərarlarda ən çox ədalətli məhkəmə araşdırması (60 işdə), azadlıq və toxunulmazlıq hüququnun (45 işdə) pozuntusu tanınıb.

Rəsmilər Azərbaycandan AİHM-ə gedən şikayətlərin artmasını elə də narahatlıqla qarşılamayıblar.

Bir müddət öncə ədliyyə naziri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində demişdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır:

«Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki, əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub».

F.Məmmədov deyib ki Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı da ümumi Avropa göstəricisindən 2 dəfə azdır.

Son hesabata isə hələlik rəsmilərdən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az