[:az]”Azərbaycan hakimiyyəti insanlığa yaraşmayan hərəkətlərə dərhal son verməlidir”[:]

tərəfindən Gozetci

[:az]Zümrüd Mirzəliyeva: “Oğlumdan imtina edə bilmərəm”

Fransada yaşayan bloger Məhəmməd Mirzəlinin bacısının həyat yoldaşı artıq 5 gündür ki, həbsdədir. Bu barədə Meydan TV-yə blogerin anası Zümrüd Mirzəliyeva məlumat verib. Onun sözlərinə görə, kürəkənindən qızı ilə boşanmasını tələb ediblər.

Hadisə yanvarın 13-də baş verib. M.Mirzəlinin sözlərinə görə, səhər saatlarında atası Fazil Mirzəliyevi polis saxlayıb. Sonra Bakı şəhərinə gətirilib, axşam saat 7 radələrində isə azadlığa buraxılıb, əvəzində kürəkəni Elman Ağayev saxlanılıb.

Z.Mirzəliyeva deyir ki, o gündən kürəkənindən xəbər yoxdur:

“Bir həftədir həyəcan içində yaşayıram, özümə ölüm arzulayıram. Çünki Azərbaycanda haqq yoxdu. Ötən həftənin 6-cı günü yuxudan polislərin səsinə ayılmışam. Yoldaşımı götürüb Bakıya apardılar. Yoldaşım gedib orada kiçik kürəkənim Elman Ağayevlə qarşılaşıb. Yaxşı, əgər oğlumun günahı varsa, biz valideynləri cavab verməliyik. Kürəkənimin nə günahı var? Kürəkənim heç bizimlə eyni rayondan deyil, Laçındandı. Danışıqlardan, təzyiqlərdən sonra yoldaşımı axşam saat 7-də buraxıblar. Ancaq həmin gündən bu yana, bu gün 5 gündür ki, kürəkənim ordadı. Valideynləri arxasınca gedib, deyiblər ki, burada belə bir adam yoxdu. Gətirilmişdi, “Sədərək” Ticarət Mərkəzinə borcu olduğuna görə 1-2 saat dindirilib yola salındı. Nəhayət, çətinliklə öyrənə bilib ki, kürəkənim polisdədir”.

Z.Mirzəliyeva deyir ki, polislər həyat yoldaşını qızları ilə hədələyib:

“Qızım iki körpəsi ilə qalıb ortada. Qayınatasıgil təzyiq edir qızıma ki, boşanmalısan. Mən demirəm, boşanmasınlar. Onların oğlunu içəridən çıxarıb buraxsınlar, mənim qızımı boşasınlar. Yoldaşımı orada hədələyiblər ki, sənin 2 qızın boşanıb, bunu da boşatdıracağıq. Qızlarını “qrajdanski”lər yolda getdiyi yerdə götürəcəklər. Bir qız nəvəm mənimlə yaşayır. Deyiblər, o nəvəni də oğurlatdıracağıq”.

Ana Azərbaycan xalqından kömək istəyir:

“Ay Azərbaycan xalqı! Ay yatmış xalq, bir oyan! Azərbaycan deyilən bir məmləkətdə bizim yaşamağa haqqımız yoxdurmu? Əgər mənim oğlum burada olsaydı, onu tutub aparardılar. Elman Ağayev mənim oğlum deyil. O, öz anasına maraqlıdır, mənim üçün maraqlı deyil. Niyə mənim oğluma görə onu tuturlar? Nəyə görə mənim qızlarım oğurlanmalıdır? Bəs deyirlər Azərbaycanda söz azadlığı var? Xeyr, Azərbaycanda bir prezident, bir də onun yanındakılar öz sözlərini deyə bilərlər. Bu xalqın heç bir nümayəndəsi öz sözünü deyə bilməz.

Deyirlər, guya 70 ildən sonra azad olduq. Yalandı. Azərbaycanda azadlıq yoxdu. Əgər azad söz olsaydı, bu qədər jurnalist zindanlarda yatmazdı. Ayağa qalxıb mənim səsimə səs verin. Oğlum qəriblikdədir. Mən ondan imtina edə bilmərəm. Mən oğlumla fəxr edirəm. O, narkotik maddə satmır, kiminsə evindən oğurluq etmir, kiminsə anasına-bacısına sataşmır, pis söz danışmır. Mənim səsimə səs verin, Elman həbsdən çıxarılsın. Elmana, onun valideynlərinə səslənirəm, çıxsın, əgər boşanmaq istəyirsə, boşansın. Bu gün ölkədə boşanmağı məcburiyyətə çevirən Azərbaycan hakimiyyətidir. Nə qədər qadınlar dul qalarsa, yetim uşaqlar olarsa, bu hökumətin xeyrinədir. Mənim səsimə səs verin!”

Məhəmməd Mirzəli deyir ki, ailəsinə təzyiq “Made in Azerbaijan” adlı səhifədə etdiyi paylaşımlara görədir. Bloger bildirir ki, həmin səhifədə bloger Orduxan Temirxan, siyasi mühacir Tural Sadıqlı ilə canlı yayımlar edir, ölkədəki siyasi proseslərlə bağlı fikirlərini bölüşürlər:

“Bu da, görünür, hökumətin xoşuna gəlmir. Avropada təşkil olunan mitinqlərdə də iştirak edirəm, siyasi fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda Parisdə Azərbaycan səfirliyinin önündə “Siyasi məhbuslara azadlıq”, “Ölkəmi talan etmə” şüarları ilə aksiyası keçirilmişdi. Mən səhifəmdə bu mitinqin görüntülərini də paylaşdım. Ondan sonra atamı yaşadığı Göyçay rayonunda həbs etdilər”.

Daxili İşlər Nazirliyindən isə məlumat almaq mümkün olmayıb.

Bu, xaricdə yaşayan azərbaycanlıların ailələrinə edilən ilk basqı deyil. Daha öncə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, Meydan TV-nin direktoru Emin Millinin, Meydan TV-nin əməkdaşları Günel Mövlud və Camal Əlinin, video-bloger Orduxan Teymurxanın, siyasi mühacir Tural Sadıqlının və digər siyasi və ictimai fəalların ailələrinə də təzyiqlər olub.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az