[:az]Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi[:]

tərəfindən Gozetci

[:az]Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi. Yanvarın 12-də Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov belə hökm çıxarıb.

***

Jurnalist Əfqan Muxtarlının 8 il azadlıqdan məhrum edilməsi təklif olunub. Yanvarın 12-də Balakən Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Bundan öncə məhkəmədə Ə.Muxtarlının vəkilləri bir sıra vəsatətlər qaldırıblar. Vəsatətlər əlavə şahidlərin dindirilməsi, müəyyən sübutların iş materiallarına əlavə edilməsi haqda olub. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

Ardınca məhkəmə istintaqının başa çatdığı elan edilib və prokuror çıxış edib. Ə.Muxtarlıya CM-nin 206(qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə verilmiş ittihamların məhkəmədə sübuta yetirildiyini iddia edən prokuror ona 8 il həbs cəzası verilməsini təklif edib.

Bundan sonra Ə.Muxtarlının vəkilləri Elçin Sadıqov və Nemət Kərimli çıxış edib. Onlar ittihamların saxta olduğunu, Ə.Muxtarlının Gürcüstandan oğurlanaraq gətirildiyini bildiriblər. Məhkəmədə müdafiə tərəfinin heç bir vəsatətinin təmin olunmadığını deyən vəkillər onun jurnalist fəaliyyətinə görə həbs edildiyini söyləyiblər. Çıxışlarının sonunda isə Ə.Muxtarlı haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş ediblər.

Daha sonra Ə.Muxtarlı özü son sözünü deyib. O da Gürcüstandan oğurlanaraq gətirildiyini, ittihamların saxta olduğunu söyləyib. Bildirib ki, onu araşdırma yazılarına görə həbslə cəzalandırmaq istəyirlər. Amma heç bir həbs onu mübarizədən çəkindirə bilməz.

“Mənim Göygölün zəbt olunması, Silahlı Qüvvələrdəki yeyintilər, Azərbaycan hökumətinin Gürcüstana investisiya yatırması haqda araşdırma yazılarım olmuşdu. Yazmışdım ki, Azərbaycan xalqından oğurladıqları pulları investisiya olaraq, Gürcüstana yatırırlar…”, – Ə.Muxtarlı son sözündə belə deyib.

“Elmar Hüseynovu öldürdünüz, Rafiq Tağını öldürdünüz, bloqqer Mehman Qələndərlini istintaq təcridxanasında öldürüb qanını batırdınız, Rasim Əliyevi öldürdünüz, amma biz gəldik, yazırıq və yazacağıq. Bizi susdura bilməyəcəksiniz. Mən şanslıyam ki, Gürcüstandan Bakıya gətiriləndə öldürülmədim. İstintaq təcridxanasında da öldürmədilər məni. Uzağı 7 il həbs cəzası verəcəksiniz. Bu da bizi susdurmağa bəs etməyəcək. Bizi həbs etsəniz də, öldürsəniz də bizdən sonrakılar bu mübarizəni davam etdirəcək. Bizim əsas məqsədimiz İlham Əliyevi devirmək deyil, bizim ən ali məqsədimiz insanlara ümid verməkdir”, – jurnalist deyib.

Hakim onun çıxışını yarımçıq kəsib. Jurnalist buna da etiraz edib. Bildirib ki, heç kim onun sözünü kəsə bilməz, sona qədər mübarizə aparacaq, sözünü deyəcək: “Siz mənə söz verə, mənim sözümü kəsə bilməzsiniz. Mən sözümü ömrümün axırına qədər deyəcəm”.

Buna baxmayaraq, hakim məhkəmə zalını tərk edib və saat 14.30-da hökmün elan olunacağını bildirib.

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az