[:az]Əfqan Muxtarlı: ‘Gözümü açanda gördüm ki…'[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması üçün növbəti dəfə məhkəmə qarşısında məsələ qaldırılıb. Yanvarın 5-də jurnalistin vəkilləri məhkəmədə bu haqda vəsatət qaldırarkən əsaslardan biri kimi, dekabrın 31-də Ə.Muxtarlının bacısı Nuranə Muxtarlı, onun 2-yaşlı övladı və 12-yaşlı qardaşı qızının ölümünü göstəriblər.

Ə.Muxtarlının işinə Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov baxır.

Yanvarın 5-də keçirilən məhkəmədə Ə.Muxtarlının vəkili Nemət Kərimli bildirib ki, jurnalistin ailəsindəki faciə ilə əlaqədar onun yas mərasimində iştirakına icazə verilməsi üçün elə hadisə günü Penitensiar Xidmətə rəsmi məktubla müraciət olunub. Amma bu günə qədər müraciətə cavab verilməyib. Müdafiəçi bu faciə ilə əlaqədar humanizm prinsiplərinin nəzərə alınmasını istəyib. Həmçinin xatırladıb ki, Ə.Muxtarlı barəsində həbs-qətimkan tədbiri seçilərkən və uzadılarkən istintaq orqanının göstərdiyi əsaslar aradan qalxıb. N.Kərimli söyləyib ki, artıq araşdırmalar başa çatıb, şahidlər də dindirilib, Əfqanın kiməsə, nəyəsə təsir göstərmək imkanı yoxdur. Vəkil bütün bunların nəzərə alınıb, məhkəmənin hökmü çıxarılana qədər Ə.Muxtarlının ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb.

Jurnalist özü də vəsatətin təmin olunmasını istəyib, amma hakim «yox» cavabı verib.

Məhkəmədə Ə.Muxtarlı ailəsindəki faciə haqda danışarkən ağır günlərdə ona və yaxınlarına dəstək olanlara minnətdarlığını bildirib. Deyib ki, yas mərasimində iştirakı üçün artıq vəkilləri müraciət edib və bu kifayətdir. Yenidən özünün də müraciət etməsinə ehtiyac yoxdur.

Ardından vəkillər məhkəməyə Ə.Muxtarlının həbsinin ilk günlərində Gürcüstanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun bu hadisə ilə bağlı rəsmi açıqlamalarının Azərbaycan dilinə tərcüməsini təqdim ediblər. Həmin sənədlər tərcümə olunduqdan sonra notarial qaydada təsdiqlənib. Sözügedən açıqlamalarda həm də Ə.Muxtarlının Gürcüstandan oğurlanması ilə əlaqədar qonşu ölkədə cinayət işi başlanmasından bəhs olunur.

İttihamda iddia olunur ki, Ə.Muxtarlı Gürcüstan-Azərbaycan sərhədini Balakən ərazisindən qanunsuz keçərkən onu saxlamağa çalışan əsgər Qafur Məmmədovu vurub. Ona görə də Məmmədov iş üzrə zərərçəkmiş qismində tanınıb. Ötən məhkəmə iclasında o, ifadə vermişdi. Yanvarın 5-də onun dindirməsi davam etdirilib. Ə.Muxtarlı bildirib ki, bu adamın danışdıqları yalandır, o, nə sərhədi keçməyə cəhd göstərib, nə də bu adamı vurub. Jurnalist bir daha təkrarlayıb ki, onu Tbilisidə yaşadığı evin yaxınlığında mülkigeyimlilər tutub maşına mindirərək, Azərbaycana gətiriblər.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlanıb. Cinayət işinin materiallarındakı sənədlər, o cümlədən tutma, axtarış və s. haqda protokollar elan olunarkən Ə.Muxtarlı deyib ki, bu sənədlərin heç biri onun yanında hazırlanmayıb. Jurnalist bugünkü məhkəməsində də deyib ki, onun Gürcüstandan

oğurlanıb gətirilməsi, şərlənməsində iki nəfərin xüsusi rolu olub. Ə.Muxtarlının sözlərinə görə, bunlardan biri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin köməkçisi Azər Şirinov, digəri də Sərhəd Qoşunlarının komandanının Ceyhun adlı köməkçisidir.

«Məni Gürcüstandan oğurlayıb gətirəndə Azərbaycan tərəfdən təhvil alanlar bu adamlar idi. Mənim gözlərimi də bunlar açdılar. Gözümü açanda üzərimdən çıxdığı iddia olunan o pulları stolun üstündə gördüm. Yolboyu gözlərim də, əllərim də bağlı olduğuna görə ciblərimə nəzarət eləmək imkanım yox idi», – Ə.Muxtarlı bildirib.

Cinayət işinin materiallarındakı bəzi sənədlərin elanı yanvarın 12-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb.

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az