[:az]
Yanvarın 16-da Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun kasasiya şikayətinə baxılıb. Şikayət sabiq nazirin cəzasının artırılması ilə bağlıdır.
Ə.İnsanova daha 7 il həbs cəzası verilməsi haqda Qaradağ Rayon Məhkəməsinin çıxardığı hökmü Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb. Həmin qərardan da kasasiya şikayəti verilib.
Ə.İnsanov Ali Məhkəmədə işinə baxılarkən iştirak etməyib. Özü prosesdə iştirakdan imtina edib.
Məhkəmədə keçmiş nazirin vəkillərindən Toğrul Babayev çıxış edib. Bildirib ki, kasasiya şikayətində göstərilən dəlilləri müdafiə edir. Şikayətdə yazılıb ki, Ə.İnsanova verilən ittihamlar saxtadır, o, cəzaçəkmə müəssisəsində nə psixotrop tərkibli dərman saxlayıb, nə də Penitensiar Xidmətin əməkdaşını vurub. Kasasiya şikayətində bildirilir ki, Ə.İnsanovun 11 illik həbsdən çıxmasına iki ay qalmış başlanan cinayət işi əslində onun cəzasını artırmaq məqsədilə quraşdırılıb.
T.Babayev Ə.İnsanov haqqında 2016-cı ilin avqustunda başlanmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Dövlət ittihamçısı Rizvan Şammədov isə əksinə, deyib ki, kasasiya şikayətinin təmin olunması üçün əsas yoxdur. Prokuror ittihamların sübuta yetirildiyini, cəzanın da düzgün təyin edildiyini bildirərək, aşağı instansiya məhkəmələrinin bu iş üzrə hökm və qərarının qüvvədə saxlanmasını istəyib.
Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası təxminən bir dəqiqəlik müşavirədən sonra şikayətin təmin olunmadığını elan edib.
Məhkəmədən sonra T.Babayev bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Ə.İnsanovun cəzasının artırılması məsələsindən də Avropa Məhkəməsinə şikayət edəcəklər: «Əslində, biz fərqli nəticə gözləmirdik. Ali Məhkəmə prosesi xeyli yubatdı. Biz 2016-cı ilin iyulunda kasasiya şikayəti vermişdik, altı aydan sonra baxıldı».
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.
Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.
Azadlıq Radiosu[:]