[:az]Çadırda yaşamasından şikayətləndi, 55 manatlıq işindən qovuldu[:]

tərəfindən Gozetci

[:az]Xırdaoymaqlı Azad Alışov çadırdan evə köçürülməsini istəyirdi, işini itirdi

“Dedilər, sən oturub-durub şikayət yazırsan, ölkənin, dövlətin əleyhinə çıxırsan. Beləcə, məni işdən qovdular. Bölgə müxbirlərinə, telekanallara da tapşırıq verilib ki, çağırışlarıma gəlməsinlər”.

Bunu Şabranın Xırdaoymaq kənd sakini Azad Alışov deyir.

Azad Alışov 5 gün əvvələdək elə Xırdaoymaq kənd orta məktəbində ocaqçı işləyib. Yarımştat qrafiklə çalışdığına görə məvacibi 55 manat təşkil edib. Lakin deməsinə görə, yanvarın sonunda sosial problemləri mediada işıqlandırılandan sonra işini də itirib.

Hər şey ondan başlayıb ki, ötən ilin martında Azad Alışovun ikimərtəbəli evi əşyaları ilə birlikdə yanıb. O, bu hadisədə rayonun rəsmi qurumlarını günahlandırıb. İddia edib ki, yanğından əvvəl köhnə elektrik kabellərinin yenilənməsi üçün dəfələrlə müvafiq qurumlara müraciət etməsinə baxmayaraq, kabellər yenilənməyib. Yanğına səbəb də məhz kabellərdəki qısaqapanma olub. Səbəbin qısaqapanma olmasını hadisə yerinə gələn FHN yanğınsöndürənləri də rəsmən təsdiqləyiblər. Bundan sonra yerli icra hakimiyyətinin rəhbərliyi ona tezliklə ev tikiləcəyini vəd edib. O da müvəqqəti çadır qurub. O gün – bu gün, ailə 1 ilə yaxındır ki, çadırda yaşayır. Çadır həyatı ailə üzvlərinin, əsasən də üç azyaşlı uşağın sağlamlığını əlindən alıb. Nəhayət, Azad Alışov baş verənləri Meydan TV-yə danışıb.

Lakin material dərc olunandan sonra məktəb direktoru onu yanına çağıraraq işdən azad olunduğunu elan edib. Azad bəy danışır:

“Mən təkcə evimlə bağlı yox, həm də bir müddət idi ki, məktəbdəki korrupsiya halları ilə bağlı prezidentə və başqa qurumlara yazırdım. Mənim şikayətlərimdən sonra təzə məktəb tikildi. Sonra da məni çağırıb ərizə yazdırdılar ki, daha şikayətim yoxdur. O söhbət bağlandı. Ancaq çadır həyatı və məmur özbaşınalıqlarından şikayətim ictimailəşəndən sonra yerli-dibli işsiz qaldım. Ordan aldığım vur-tut 55 manat idi. O pul uşaqların yavan çörəyinə çatırdı, onu da çox gördülər”.

Azad Alışov yerli Təhsil Şöbəsinə müracitə edib. O, şöbədən şikayətinin qeydə alınmasından başqa tutarlı cavab almayıb:

“Başqa gəlir yerimiz yoxdur. Gözümü o 55 manata dikmişdim ki, uşaqların heç olmasa yavan çörəyi olsun. Onsuz da acınacaqlı durumdayıq. Uşaqlar ağır xəstədir, dərman almaq imkanım yoxdur. İmkansızlıqdan məktəbə də getmirlər. Üstəlik, işdən də çıxardılar. Görünən odur ki, bunların məqsədi mənim ailəmi həyatdan silməkdir. Biz onsuz da ölü kimiyik, qışın şaxtasında buz kimi çadırda ac-susuz həyata yaşamaq deyirlərmi?”

Azad Alışovun işdən çıxarılması ilə bağlı iddiasına nə rayonun təhsil şöbəsindən, nə də Xırdaoymaq kənd orta məktəbindən hələlik münasibət öyrənmək mümkün olmayıb.

Azad Alışov ölkə başçısından kömək istəyir. O, prezidentə soyuq çadırda üstəlik çörəksiz də qalmağın ölümə bərabər olmasından yazıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az