[:az]Taleh Bağırzadənin işi üzrə yeni məhkəmə prosesi başlayıb[:]

tərəfindən Gozetci

[:az]Dünən Qaradağ rayon məhkəməsində artıq 20 illik həbs cəzası çəkən “Müsəlman Birliyi” hərəkatının lideri taleh Bağırzadəyə qarşı yeni ittiham üzrə hazırlıq iclası keçirilib.

Xatırladaq ki, Bağırzadə 2015-ci il noyabrın 26-da DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib.

O, bir qrup tərəfdarı ilə birlikdə bir sıra ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, konstitusiya quruluşunu zorla dəyişdirmək cəhdi, qətllərdə (Nardaranda əməliyyat zamanı polislərin qətlində) ittiham olunub və 20 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ilin dekabrında ona qarşı CM-in 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə yeni ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, 31 iyul 2017-ci il tarixində Qobustan həbsxanasında axtarış zamanı onun üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Amma ekspertiza onlarda qanunla qadağan edilmiş məlumatların olmadığı qənaətinə gəlib, belə ki, həmin kartlarda Qurani Kərim, Quran təfsiri və başqa məlumatlar olub.

Bağırzadə özünü təqsirli bilməyib.

Vəkil Fariz Namazlı cinayət işinə xitam verilməsi haqqında vəsatət qaldırıb. Amma hakim vəsatəti təmin etməyib. Vəkilin sözlərinə görə, Bağırzadə ittihamın siyasi motivli olduğunu bildirib. Onun sözlərinə görə, yaddaş kartlarından istənilən həbsxanada istifadə olunur.

“Görünür, 20 il onlara az gəlib, yeni iş uydurublar. Bütün ittiham müstəntiqin uydurmasıdır”, deyə Bağırzadə qeyd edib.

Mahiyyəti üzrə məhkəmə dinləmələri fevralın 6-na təyin edilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az