ABŞ Dövlət Departamenti son zamanlarda Azərbaycanda baş verən həbslərlə bağlı narahatlığını ifadə edib.
“Azərbaycanlı jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və müxaliflərin həbslərinin davam etməsi dərin narahatlıq doğurur,” Vaşinqtonda qərargahlanan jurnalist Ələkbər Raufoğlu Dövlət Departamentinin sözçüsündən sitat gətirib.
Sözçü bildirib ki, ABŞ Vitse Prezidenti JD Vansın də vurğuladığı kimi, “biz ifadə azadlığını dəstəkləməliyik, senzuranı dayandırmalı və müxalifətin təqib edilməsini rədd etməliyik.”
“Və biz Azərbaycan hökumətinin bu mesajı ciddi qəbul etməsini gözləyirik,” Dövlət Departamentinin sözçüsü deyib.
Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.
Azərbaycanda jurnalistlərə qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.
Amerikanın Səsi