Bəxtiyar Hacıyev istintaq təcridxanası administrasiyasının onun şəxsi yazışmalarını müsadirə etməsindən şikayətlənir

tərəfindən Gozetci

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev 29 gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.

Fevralın 6-da vəkillər Nemət Kərimli və Rövşən Rəhimli ona baş çəkiblər.

O zəifləyib, rəngi saralıb, gözlərinin altında qara ləkələr əmələ gəlib. 29 günlük aclıq zamanı Bəxtiyar 14,5 kiloqram arıqlayıb və indi çəkisi 70 kiloqramdır, vəkil Rövşən Rəhimli bildirib.

O, istintaq təcridxanasının tibbi-sanitar hissəsindədir. Penitensiar Xidmət Hacıyevin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsilə bağlı vəkillərin vəsatətinə cavab verməyib.

“O, aclığı davam etdirməkdə israrlıdır. Onun aclıqdan ölməsinə imkan verməməyə çalışırıq”, – vəkil deyib.

Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən Turan agentliyinə bildiriblər ki, Bəxtiyar Hacıyev həkimlərin nəzarəti altındadır, həyatı üçün təhlükə yoxdur.

Bəxtiyar Hacıyev vəkilləri vasitəsilə ombudsmana müraciət edərək istintaq təcridxanasında onun şəxsi yazışma hüququnun pozulduğundan şikayət edib.

Belə ki, onun yaxınlarına, həmkarlarına, diplomatlara və ictimaiyyətə müraciətləri vəkillərdən alınır. “Bu şəxsi yazışmalar mənə qarşı cinayət işinin istintaqı ilə əlaqəli deyil. Amma Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları məhkəmə zalından çıxanda mənim fotomu çəkdilər və təhrik etdilər, onu hər yerə göndərəcəklərini bildirdilər”, – müraciətdə deyilir.

Ombudsmanın ofisi Bəxtiyar Hacıyevin müraciətinə cavab verməyib.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbilə aclıq elan edib. Dekabrın 28-də  ictimaiyyətin və ailə üzvlərinin təkidli çağırışlarından sonra aclığı dayandırıb. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığa yenidən başlayıb və indiyədək davam etdirir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. 

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az