Avropa İnsan Hüquqları Məhkəməsi ilk dəfə olaraq Azərbaycanda informasiya əldə edilməsi hüququnun pozulduğunu tanıyıb.
Bu barədə Turan-a “Media hüquqlarını müdafiə qrupu”nun rəhbəri, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərarlarının monitorinqini aparan Xalid Ağəliyev bildirib.
Onun sözlərinə görə, iş “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin Səhiyyə Nazirliyinə və Nazirlər Kabinetinə qarşı iki şikayətinə aid olub.
Jurnalist müvafiq dövlət orqanlarından Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsiri barədə məlumat istəyib.
Ona məlumat verilməsindən imtina edilib, Hacıbəylinin yerli məhkəmələrə şikayətləri isə təmin edilməyib.
Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozulması məsələsini qaldırıb.
Şikayətlər 2012-2013-cü illərdə verilib.
Avropa İnsan Hüquqları Məhkəməsi informasiya əldə edilməsi hüququna zəmanət verən 10-cu maddənin (ifadə azadlığı) pozulduğunu və ərizəçiyə 1500 avro məbləğində kompensasiya verilməsini qərara alıb.
Birinci şikayətdə qeyd edilib ki, sovet ordusuna məxsus Qəbələ Radiolokasiya Stansiyası 1985-ci ildə tikilib, 6000 kilometr məsafədə ballistik raketlərin buraxılması ilə bağlı ilkin xəbərdarlıq imkanlarına malik olub. Sovet İttifaqının süqutundan sonra stansiya Azərbaycanın mülkiyyətinə çevrilsə də, icarə haqqında müqaviləyə əsasən Rusiyanın tabeliyində olub. 2012-ci ildə stansiyanı bağlayıblar, avadanlığı isə Rusiyaya aparıblar.
2001 və 2003-cü illərdə Azərbaycan prezidenti stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla əhalinin sağlamlığına və ətraf mühitə nəzarət üzrə Azərbaycan-Rusiya birgə komissiyası yaradılıb, səhiyyə naziri isə komissiyanın sədri təyin edilib.
Ərizəçinin sözlərinə görə, müstəqil araşdırma ilə müəyyən edilib ki, stansiya Qəbələ və ətraf rayonlarda əhalinin səhhətilə bağlı ciddi problemlər yaradıb. 2010-cu ildə ərizəçi Komissiyanın fəaliyyət göstərib-göstərmədiyini aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinə informasiya sorğusu göndərib və stansiyanın ətraf mühitə və əhalinin sağlamlığına təsiri barədə hesabatların surətini istəyib. Səhiyyə Nazirliyi məlumat təqdim etməkdən imtina edərək sorğuya cavab verib ki, komissiya hesabat hazırlayıb və Nazirlər Kabinetinə göndərib. Ərizəçi nazirlikdən məsələnin mahiyyəti üzrə məlumat verilməsi barədə sorğuya cavab tələbilə məhkəmə iddiası qaldırıb. Nəsimi Rayon Məhkəməsi iddianı təmin etməyərək bildirib ki, ərizəçinin istədiyi sənədlər nazirlikdə olmayıb. Yuxarı instansiya məhkəmələr bu qərarı dəyişməyiblər.
İkinci halda ərizəçi informasiya sorğusu vasitəsilə həmin məlumatı Nazirlər Kabinetindən istəyib. Lakin hökumət sorğuya, ümumiyyətlə, cavab verməyib.
Ərizəçinin Nazirlər Kabinetinə qarşı iddiası da yerli məhkəmələr tərəfindən təmin edilməyib. Hətta hökumət məhkəməyə nümayəndə göndərməyib.
Turan