[:az]Azərbaycanda xüsusi karantin rejimi 15 iyun 2020-ci il saat 00:00-a qədər uzadılıb, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bununla belə, 31 may 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlər ləğv edilir. Xüsusən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda dövlət müəssisələrində işçilərin sayı ilə bağlı məhdudiyyət aradan qaldırılır.
Ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla).
Tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının təşkilinə icazə verilir.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə xidmət vaxtı saat 22:00-dək uzadılır (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla).
Hökumət sərnişindaşıma həyata keçirən nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət müəssisələrində və vətəndaşların qəbulu və onlara xidmət həyata keçirilən digər müəssisələrdə maskadan istifadə haqqında qərar qəbul edib.
Həmçinin, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, eləcə də insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda maskadan istifadə olunmalıdır. Qeyd edilən yerlərdə maska taxılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur.
Yük və çarter reysləri istisna olmaqla, hava və quru yolu ilə Azərbaycan sərhədinin keçilməsi məhdudiyyəti də iyunun 15-nə qədər uzadılıb.
Bakıya, Sumqayıta, Abşeron rayonuna, Gəncə və Lənkərana giriş-çıxış qadağası da qüvvədə qalır.
Dini tədbirlərə (dəfn istisna olmaqla), eyni zamanda toy mərasimlərinə də hələlik icazə verilməyib.
Təhsil müəssisələri, kinoteatrlar, teatrlar, hamamlar, idman zalları, massaj salonları bağlı olaraq qalır.
Turan[:]