“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı dekabrın 6-da həbs edilmiş yeddi jurnalist və media işçisinin azadlığa buraxılması tələbi ilə beynəlxalq kampaniya başladıb.
“Onların özbaşına saxlanması və mühakimə olunması jurnalistikaya basqı və hökumətin tənqidi səslərə qarşı bir il əvvəl güclənən repressiyasının bir hissəsidir”, təşkilat bildirir.
“Amnesty International” insanları Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək həbs olunan jurnalistlərin dərhal sərbəst buraxılmasını tələb etməyə çağırır.
“Amnesty International” xatırladır ki, 2024-cü ildə Bakı COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etdikdən dərhal sonra – dekabrın 6-da “MeydanTV” əməkdaşları Xəyalə Ağayeva, Aytac Əhmədova, Aynur Qənbərova, Natiq Cavadlı, Aysel Umudova, Ramin Cəbrayılzadə və Bakı Jurnalistika Məktəbinin müdir müavini Ülvi Tahirov həbs olunub.
“Bu şəxslər “valyuta qaçaqmalçılığı” ittihamıyla saxlanılsalar da, bu ittihamlar onların jurnalist fəaliyyəti ilə bağlıdır və ölkədə digər tənqidi səslərə qarşı irəli sürülmüş ittihamlar kimi əsassız və siyasi motivlidir”,- təşkilatın məlumatında bildirilir.
Beynəlxalq kampaniya martadək davam edəcək.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Ancaq digər beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh etməyib.
Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, “Meydan TV” əməkdaşlarının saxlanılması əsaslı şübhələr fonunda həyata keçirilib və bu prosesin jurnalistika fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.
Xatırlatma
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Amerikanın Səsi