AZƏRBAYCANDA YERLİ SEÇKİ MÜŞAHİDƏÇİLİK İNSTİTUTU SIRADAN ÇIXARILIB
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkinin əvvəlki seçkilərlə oxşarlığı çoxdur. Bu seçki də qeyri-demokratik mühitdə və insan haqlarının pozulması fonunda keçirildi. Amma bu seçkini əvvəlki seçkilərlə mənfi mənada fərqləndirən xüsusi bir cəhəti var. Son 20 ildə ilk dəfədir ki, Azərbaycanda yerli seçki müşahidəçilik institutları tamamilə seçkidən kənar saxlanılır.
Azərbaycanda yerli seçki müşahidəçiliyi ilə məşğul olan müstəqil və beynəlxalq qurumların qəbul etdiyi iki əsas təşkilat var. Onlardan biri hazırda həbsdə olan siyasi məhbus Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT), digəri isə hazırda həbsdə olan, siyasi məhbus Akif Qurbanovun rəhbərlik etdiyi Demokratik Təşəbbüslər İnstitutudur (DTİ).
SMDT-nin rəhbəri Anar Məmmədli aprelin 29-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 23-də isə onun barəsində seçilən həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb. Anar Məmmədli ona qarşı irəli sürülün ittihamları qəbul etmir, həbsini siyasi motivli sayır. Qeyd edək ki, 2024-cü il növbədənkənar prezident seçkiləri ərəfisində hakimiyyətin nəzarəti altında olan mediada Anar Məmmədliyə qarşı qarayaxma kampaniyası aparılıb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiniz.