“Kanal 13” internet televiziyasının rəhbərinin və əməkdaşının həbs müddəti uzadılıb

tərəfindən Gozetci

Əziz Orucov

Martın 19-da Bakı Şəhər Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun və bu televiziyanın əməkdaşı Şamo Eminovun həbs müddətini daha iki ay uzadıb.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

“Mənim üçün ən çox Əzizin sağlamlıq durumu önəmlidir. Səhhəti normal deyil. Nə qədər müraciət edilsə də baxan yoxdur. Heç bir istintaq hərəkəti aparılmır. Artıq 3-cü dəfədir həbs müddəti uzadılır”, o qeyd edib.

Şamo Eminovun vəkili Əlibaba Rzayev müdafiə etdiyi şəxsin həbs müddətinin uzadılmasının heç bir əsasının olmadığını bildirib.

“Prokurorluq məhkəməyə təqdimat verib ki, müəyyən istintaq hərəkətlərinin aparılmasına ehtiyac var. Ona görə həbs müddətinin uzadılması zəruridir. Biz etirazımızı bildirdik. Hesab edirik ki, ittiham əsaslı deyil. Cinayət işinin açılması üçün heç bir əsas yoxdur”, o bildirib.

Vəkil qeyd edib ki, bu günki məhkəmə prosesində Şamo Eminov iştirak edib, həbs müddətinin uzadılmasına və ona qarşı cinayət işinə etirazını bildirib.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az