Fevralın 24-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın həbs müddəti 3 ay uzadılıb.
Abzas Media-ya bu barədə onun vəkili Rövşanə Rəhimli məlumat verib.
Vəkil bildirib ki, Xətai Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib və Absalamovanın istintaq dövrü üçün həbs müddəti 29 maya qədər uzadılıb.
“İttiham tərəfi məhkəmədə öz mülahizələrinə əsaslandı ki, guya Nərgiz azadlıqda olsa gizlənə bilər, istintaqın gedişinə maneələr yarada bilər. Biz bu deyilənlərin formal olduğunu dedik və hiç bir fakta söykənmədiyini bildirdik.
İstintaqın uzadılması onunla əsaslandırıldı ki, sorğular göndərilib, digər təqsiri olan şəxslər dəvət olunacaq, üzləşmə keçiriləcək və s. Çox güman digər təqsirləndirilən şəxslərin də həbs müddəti uzadılacaq. Həbsin uzadılması qanunsuzdur” – vəkil bildirib.
Məhkəmədə Nərgiz Absalamova da ifadə verərək ittihamları rədd edib və jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edirlər və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.
Abzas Media