Bəxtiyar Hacıyevə ittiham aktı elan olunub

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.

Bugünkü iclasda ittiham aktı oxunub. Prokuror bildirib ki, Bəxtiyar Hacıyev Azərbaycan CM-in 221 (xuliqanlıq), 289 (məhkəmyə qarşı hörmətsizlik), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması), 206 (qaçaqmalçılıq), 213.1 (vergi ödənişindən yayınma), 320.1-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə məsuliyyət nəzərdə tutulan əməlləri törətməkdə ittiham olunur.

Bütün ittihamlar üzrə onu uzunmüddətli həbs cəzası gözləyir. İttiham hökmü oxunduqdan sonra hakim Bəxtiyar Hacıyevdən ittihamı başa düşüb-düşmədiyini soruşub. Cavab olaraq o, hüquqi cəhətdən başa düşdüyünü, faktiki olaraq isə başa düşmədiyini deyib. İnsan haqları fəalı prokurordan hansı tarixlərdə “qaçaqmalçılıq” törətdiyini və ittihamın onun tərcümələrlə məşğul olan qurumuna aid olub-olmadığını soruşub. Hakim Hacıyevə prokurora sual vermək hüququna malik olmadığını bildirib, lakin məhkəmə istintaqı zamanı bu məsələıərə aydınlıq gətiriləcəyini qeyd edib. Hacıyev ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Zərərçəkmiş Ülviyyə Alovlu məhkəməyə gəlmədiyinə görə proses fevralın 16-na qədər təxirə salınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. 2022-ci il dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin 2023-ci ilin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

2023-ci ilin iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-cü (yalançı sahibkarlıq), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb. Beləliklə, hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 8 maddəsi üzrə günahlandırılır.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır. ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az