Jurnalistləri Müdafiə Komitəsi Kanal-13 jurnalistlərinə qarşı irəli sürülən ittihamlara inanmır

tərəfindən Gozetci

Azərbaycan hakimiyyəti Kanal-13 jurnalistləri Əziz Orucov və Şamo Eminovu azad etməli, onların Youtube kanalını açmalı və tənqidi mətbuata qarşı repressiyalara son qoymalıdır. Bu barədə yanvarın 8-də Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) bildirib.

Kanal-13 ilə əməkdaşlıq edən müstəqil jurnalist Şamo Eminov dekabrın 22-də saxlanılıb və ertəsi gün Bakının Səbail Rayon Məhkəməsi onu “xarici valyuta qaçaqmalçılığı, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” (Azərbaycan CM-in 206.3.2-ci maddəsi) ittihamı ilə üç ay beş gün müddətinə həbs edib.

Dekabrın 19-da Kanal-13-ün rəhbəri, “qanunsuz tikinti aparmaq” ittihamı ilə artıq həbsdə olan Əziz Orucova qarşı da bənzər ittiham irəli sürülüb.

Bu maddə üzrə təqsirli bilinəcəkləri təqdirdə jurnalistləri səkkiz ilədək həbs cəzası gözləyir.

JMK-nin tanış olduğu məhkəmə sənədlərinə əsasən, prokurorluq Orucovu, Eminovu və digər “müəyyən edilməmiş şəxsləri” 2022-2023-cü illərdə “çoxsaylı əməliyyatlar” vasitəsilə xarici donor təşkilatlarından 90 000 manat (52 940 dollar) nağd vəsaiti Azərbaycana gətirməkdə ittiham edib.

Jurnalistlər ittihamı təkzib ediblər, bu barədə JMK-yə Əziz Orucovun qardaşı Anar Orucov (Kanal-13-ün həmtəsisçisi, Almaniyada siyasi mühacir olaraq yaşayır) bildirib.

Onun sözlərinə görə, Orucova və Eminova qarşı ittihamlar “hakimiyyətin Kanal-13-ün tənqidi reportajlarını susdurmaq cəhdidir”.

Dekabrın 11-də Azərbaycanda məhkəmə dövlət məmurları və digər şəxslər haqqında “yalan”, “təhqir”, “böhtan” xarakterli məlumatlar yayması ilə əlaqəar Kanal-13-ün bağlanması haqqında qərar verib.

“Azərbaycanda jurnalistlərin həbsi dalğasının davam etməsi fonunda Kanal-13 jurnalistlərinin son həbsləri və onlara qarşı irəli sürülən ittihamlar hakimiyyətin fevralda keçiriləcək prezident seçkiləri ərəfəsində tənqidi səsləri susdurmağı nə qədər çox istədiyini göstərir”, deyə JMK-nın Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Gülnoza Said bildirib.

Orucov və Eminov son həftələrdə xarici donor təşkilatlarından əldə etdikləri pul vəsaitinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ittihamı ilə həbs edilmiş yeddi jurnalist və KİV iştirakçısı arasındadır.

Anar Orucov JMK-yə bildirib ki, Kanal-13-ün yeganə gəlir mənbəyi Youtube gəlirləri idi. O, qaçaqmalçılıq ittihamlarını “qondarma” adlandırıb. Hakimiyyət Əziz Orucovun, Eminovun və Kanal-13-ün digər üç jurnalistinin bank hesablarını dondurub, habelə Orucovun həyat yoldaşının hesablarına və anasının pensiya kartına həbs qoyub, deyə o bildirib.

JMK vəziyyəti şərh etmək xahişi ilə Azərbaycan Daxili İşlər Nazirliyinə elektron məktub göndərib, lakin məktubuna cavab almayıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az