Azərbaycanda prezidentliyə namizədlərin sayı 7-yə çatıb

tərəfindən Gozetci

Dekabrın 18-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin və Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputat Razi Nurullayevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. Bu barədə hər iki partiyanın bugünki iclaslarında qərar qəbul edilib.

Qüdrət Həsənquliyev 1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

Prezident Əbülfəz Elçibəy hökumətində dövlət katibinin köməkçisi işləyib. 2000–2003-cü illərdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi olub.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə 2004-cü il aprelin 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis edilib.

Həsənquliyev ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir.

O, 2003, 2008, 2013 və 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd olub.

Evlidir, 2 övladı var.

Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri fakultəsini və Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakultəsini bitirib.

2009-cu il sentyabrın 15-dən 2015-ci ilin fevralınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.

Nurullayev 2020-ci ildə Milli Cəbhə Partiyasını təsis edib.

Razi Nurullayev 2018-ci ildə Prezident seçkilərində prezidentliyə namizəd olub.

Evlidir, 2 övladı var.

Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev də 7 fevral növbədənkənar Prezident seçkisində namizədliyini irəli sürüb. O, deyib ki, seçkiyə müstəqil şəkildə qatılır, Müstəqil Həmkarlar Birliyinin sədri kimi yox.

Bununla Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı 7-yə çatıb.

İndiyədək hazırkı prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları, – Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyaasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

“Seçki Məcəlləsi”nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az