Oktyabrın 22-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı məlumat yayıb. O bildirib ki, 13 oktyabr 2023-cü ildə Mərkəzi Klinik Xəstəxanada MRT və KT müayinəsindən keçirildikdən sonra elə həmin gün nəticələrin ailəsinə təqdim edilməsi üçün Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəsmi müraciət ediblər, lakin o vaxtdan müayinə nəticələri ilə bağlı məlumat verilmir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Amerikanın Səsi