Milli Qəhrəmanın qardaşı: “Qardaşımın külünü gətirib verdilər…”
1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın Bakıda mühakiməsi davam edir. Onun haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Xaçaturyana qarşı cinayət işi üzrə 59 zərərçəkmiş var. Onlardan 58-i fiziki şəxslər, biri isə Xocalı Rayon İcra Hakimiyyətidir. Zərərçəkmişlərin bir qismi oktyabrın 16-da keçirilən məhkəmə iclasında dindirilib. Oktyabrın 17-də onların dindirməsi davam edib.
Zərərçəkənlərdən Bəsti Behbudova deyir ki, Meşəlidə qətliam baş verəndə uşaq idi. Həmin hadisədə atası güllə yarası alıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxsin adını kənd camaatından eşitmişdi. Atasının həmin hadisələr vaxtı aldığı travma nəticəsində sonradan vəfat etdiyini deyən zərərçəkmiş Vaqif Xaçaturyana ən ağır cəza verilməsini tələb edib.
Digər zərərçəkmiş Bayram Hacıyev deyir ki, o dövrdə 20 yaşı vardı. Vaqif Xaçaturyanı sürücü kimi tanıyırdı:
“Kənddə hamı bir ağızdan deyirdi ki, bunu eləyən Vaqifin dəstəsidir. Ernest, Armayis kimi adamların da adlarını çəkirdilər. Vaqif onlarla birlikdə eləyib. Çaydandan qaynar su töküb uşağı yandırmışdılar…”.
O da Vaqif Xaçaturyana ömürlük həbs cəzası verilməsini istəyib.
Təqsirləndirilən şəxs isə ünvanına səslənən ittihamın doğru olmadığını vurğulayıb. O bildirib ki, bu zərərçəkənin atasını tanıyırdı.
Zərərçəkən Ədalət Salmanov bildirib ki, dekabrın 23-də səhər tezdən kəndə hücum olub. Səsgücləndirici vasitəsilə kənd sakinlərinə xəbərdarlıq ediblər. Onun sözlərinə görə, səsgücləndirici ilə xəbərdarlıq edən də Armayis adlı erməni idi. Amma Azərbaycan dilində danışırdı:
“Hadisələrin başında duran Vaqifin dəstəsi idi. Daşbulaqda maşınımı yandırdılar. Bizə eləmədikləri əzab-əziyyət qalmayıb”.
Zərərçəkmiş Fazil Hacıyev də Meşəli qətliamında Vaqif Xaçaturyanı ittiham edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxsi qonşu kəndin sakini kimi tanıyırdı, sürücü idi:
“Bir evdə beş nəfəri yandırdılar. Kəndin giriş-çıxışını bağlamışdılar. Biz kəndi mühafizə edirdik. Məktəbdə adamları diri-diri yandırmışdılar. Dəstəsilə divan tutdu əhaliyə. Bunlar təcili yardımda polis əməkdaşını güllələyiblər”.
Vaqif Xaçaturyan bu zərərçəkmişə də deyib ki, Meşəli qətliamında heç bir rolu olmayıb.
Prokuror təqsirləndirilən şəxsdən soruşub ki, bəs niyə zərərçəkmişlər məhz onun adını çəkir, onu ittiham edir?
“Mən həbs olunmuşam, ona görə də mənim adımı çəkirlər”, – Vaqif Xaçaturyanın cavabı belə olub.
Hakim Zeynal Ağayev bu yerdə əlavə edib ki, zərərçəkmişlər hələ 10 il əvvəl onun adını çəkiblər. Bu səbəbdən onun haqqında qiyabi həbs qərarı çıxarılıb, beynəlxalq axtarışa verilib.
Daha bir zərərçəkmiş Arzu Rüstəmov bildirib ki, Milli Qəhrəman Hidayət Rüstəmovun qardaşıdır. Onun sözlərinə görə, qardaşı polis əməkdaşı olub və həmin hadisələr vaxtı Meşəli kəndinə ezam edilib.
Arzu Rüstəmovun sözlərinə görə, onların özləri Ağdamın Xıdırlı kəndində yaşayırdılar:
“Qardaşımı Meşəlidə yandırmışdılar. Bizə külünü gətirib verdilər. Əynindəki jaket olan hissə qalmışdı. Biz külü basdırmışıq”.
Zərərçəkmişin hüquqi varisi qismində ifadə verən Arzu Rüstəmov Vaqif Xaçaturyana ən ağır cəza verilməsini tələb edib.
Təqsirləndirilən şəxs zərərçəkmişlərin onun ünvanına səsləndirdiyi ittihamları rədd etməklə yanaşı, Meşəli hadisələrinin təşkilatçıları haqda danışıb. O bildirib ki, Meşəli qətliamı hadisədən bir gün əvvəl Xankəndidə hazırlanıb:
“Təşkilatçılar Ermənistandan, xaricdən gələnlər və Daşnaksütyunun üzvləri idi”.
O vurğulayıb ki, hadisə günü Meşəli kəndində yox, Badara kəndində, öz evində olub. Qətliamdan da hadisədən bir gün sonra xəbər tutub.
“Mən bütün günü işləyirdim ki, ailəmi dolandırım. Azərbaycanlılarla birlikdə işləyirdim. Odun yığırdıq”, – o, məhkəmədə belə deyib.
Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.
Xatırlatma
1953-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi
Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.
Meydan TV