Azərbaycan hakimiyyəti Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və digər siyasi məhbusları azad etməli və ölkənin vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymalıdır.
Sentyabrın 13-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının 54-cü sessiyasında azərbaycanlı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov belə çağırışla çıxış edib.
O, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarının fəaliyyətini alqışlayıb, Azərbaycanda həbs olunmuş müxalifətyönlü siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun işilə bağlı onun bəyanatını qeyd edib.
Bununla yanaşı, Hüseynov sentyabrın 13-də Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının sessiyasında çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bəyanatı ilə bağlı narahatlığını bildirib, belə ki, Bayramov hökumətlərin fikirlərini nəzərə almamasına görə Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçilərinin fəaliyyətini tənqid edib.
Hüseynov xatırladıb ki, xüsusi məruzəçilərin qərəzsizliyi elə onunla təmin olunur ki, onlar insan hüquqları sahəsində beynəlxalq standartlara əməl edilməməsi hallarından söhbət getdiyində dövlətlərin mövqelərini nəzərə almamalıdırlar.
Daha sonra o, diqqəti Azərbaycanda antikorrupsiya fəaliyyətilə tanınan Qubad İbadoğlu və Bəxtiyar Hacıyevə qarşı cinayət təqibinə yönəldib.
Hüseynov Azərbaycan hakimiyyətini vətəndaşların azadlıqlarına hörmət etməyə, hesabatlılığı və şəffaflığı təmin etməyə, vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağa və bütün siyasi məhbusları azad etməyə çağırıb.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasında tərəfdaş təşkilat statusuna malikdir.
Turan