Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 7-də Azərbaycanla bağlı 2 qərarını elan edib. Məhkəmə bir işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna qərar verib, digər işdə hökumət iddia olunan pozuntuları etiraf edib.
Şahvələd NAMAZOV Azərbaycana qarşı
Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlı id. Ərizəçi, həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozntusundan da şikayət etmişdi. O, AİHM-ə şikayətində iddia edirdi ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanuna uyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb. Ərizəçiyə görə, məruz qaldığı pozuntudan müdafiə üçün əlində istifadə edə biləcəyi effektiv müdafiə vasitələri də mövcud olmayıb. Eyni zamanda ifadə azadlığı hüququna da müdaxilə edildiyini bildirən ərizəçi, bu müdaxilənin 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri olmadığını iddia edirdi. Ərizəçi həmçinin, şikayətində Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən dövlət tərəfindən qoyulmuş məhdudiyyətlərin Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edildiyini ifadə etmişdi.
Bu işdə qərardan öncə anlaşma ilə bağlı müzakirələr uğursuz olub – ərizəçi işin qərardan əvvəl həll edilməsi təklfilərini rədd edib, ərizəyə baxılmasını, məhkəmənin qərar verməsini istəyib. Bunun ardınca isə hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib – hökumət ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə ümumilikdə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib. AİHM bəyannaməni nəzərə alaraq, qərar qəbul edib, həmin qərara əsasən, hökumət jurnalistə təzminat ödəməlidir.
İlqar QURBANOV Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçinin dövlət qulluğundan xaric edilməsinə dair icraatlarla əlaqəli idi. Ərizəçi iddia etmişdi ki, onun işinə Ali Məhkəmədə baxılarkən iddiaçıya, onun vəkilinə iclasın keçirilmə tarixi və vaxtı barədə lazımi qaydada məlumat verilməyib, işə onların qatılımı olmadan baxılıb və ədalətli məhkəmə araşdırması hüququ pozulub.
Məhkəmə bu işdə hökumətin əks arqumentlərini rədd edib, 6.1-ci maddənin pozuntusuna qərar verib. Qərara görə, hökumət ərizəçiyə 1000 avro təzminat ödəyəcək.
Aihmaz.org