İstintaq Bəxtiyar Hacıyevə qarşı yeni, uydurma ittihamlar hazırlayır. Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov videomüraciətində məlumat verib.
İstintaq xüsusilə, 44 günlük müharibə zamanı Bəxtiyar Hacıyevin Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi yardımın mahiyyətini təhrif etməyə çalışır.
Belə ki, Bəxtiyarın yığılan yardımların bir hissəsini mənimsəməkdə ittiham etməyə cəhdlər edilir.
“Bəxtiyar Hacıyev bu iddiaları qəti şəkildə qınayır. Toplanan yardımların maliyyə mənbələri, onların cəbhəyə çatdırılması tam şəffaf olub. Yardımların çatdırılması Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin rəhbər şəxsəri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Bu yaxınlarda Bəxtiyar Hacıyev vəkilləri vasitəsi ilə də açıqlama yayacaq”, – deyə Rüfət Səfərov deyib.
Bəxtiyar və komandasını dövlət mükafatı təqdim etmək, ona təşəkkür etmək əvəzinə, ona qarşı yeni saxta ittihamlar irəli sürülür.
“Hətta bəziləri bəyan edir ki, Bəxtiyar hərbçilərə apardığı yardımları Corc Sorosdan alıb. Guya Sorosdan aldığı vəsaitin bir hissəsini hərbçilərə verib, bir hissəsini də mənimsəyib”, Səfərov qeyd edib.
“Çox təəəssüf ki, dövlət başçısı İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov siyasi məhbus Bəxtiyar Hacıyevə qarşı belə qisasçı münasibətini davam etdirməkdədir. Hakimiyyət orqanları belə qisasaçı münasibətdən, tənqidçilərinə qarşı düşmən münasibətdən çəkinməlidir. Dövlət adından çıxış edən liderlər vətəndaşla belə davranmamlıdır”, – deyə Rüfət Səfərov hesab edir.
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yuxarıda deyilənlərlə bağlı sorğuya hələ münasibət bildirməyib.
*Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Hacıyev dekabrın 15-də azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb və ictimaiyyət nümayəndələrinin təkidli müraciətlərindən sonra dekabrın 28-də aclığı dayandırıb.
Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyəndə aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə dayandırılıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Yeni ittihamlar Bəxtiyar Hacıyevin qrant alması və onu təyinatı üzrə xərcləməməsi ilə bağlıdır.
ABŞ Dövlət Departamentinin, ABŞ Helsinki Komissiyasının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.
Turan