Daha bir neçə inanclının məhkəmə prosesi keçirilir
Son dövrlərdə narkotik ittihamıyla həbs olunan dini inanclıların əksəriyyətinin məhkəməsi gedir. Bakıda həbs olunanların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Həbs olunanların bir hissəsi ilahiyyatçı Taleh Bağırzadənin sədrlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvləridir. İyunun 25-də bu təşkilatın üzvü olan daha üç nəfərin məhkəməsi keçirilib. Onlardan ikisi – Tural Vəliyev də Kamil Mahmudovun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib. Onların işi məhkəmə baxışına verilib. Onlar ayrı-ayrılıqda mühakimə olunurlar. Lakin hər ikisinə qarşı narkotik ittihamı irəli sürülüb. Heç biri də özünü təqsirli bilmir, şərlənərək həbs olunduqlarını bildirirlər.
Hərəkatın daha bir üzvü – Mahir Əzimovun işi üzrə isə əksinə, məhkəmə istintaqı artıq yekunlaşıb. Prokuror Vüsal Mehrəliyev inanclı fəala 7 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Məhkəmədə prokurordan sonra çıxış edən vəkil Zibeydə Sadıqova isə bildirib ki, Mahir Əzimov təqsirsiz, ona qarşı irəli sürülən narkotik ittihamı isə əsassızdır. Vəkil deyir ki, müvəkkili Suraxan Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb. Mahir Əzimov öncə 33-cü polis bölməsinə gətirilib, onun saxlanma səbəbi isə heç də narkotik olmayıb.
Zibeydə Sadıqova əlavə edib ki, polis idarəsindəki işgəncələrlə əlaqədar prokurorluğa şikayət olunsa da, effektli araşdırma aparılmadan şikayət rədd edilib.
Mahir Əzimov özü də bildirib ki, narkotik ittihamıyla saxlanmasına baxmayaraq, ona verilən suallar tamam başqa istiqamətlərdə olub. Ona “Facebook” hesabındakı tənqidi məzmunda paylaşımları, Müsəlman Birliyi Hərəkatı haqda suallar veriblər. Həmçinin hərəkatdan istefa verməsi tələb olunub.
Mahir Əzimova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Mahir Əzimovun oğlu, 16 yaşlı Məhəmməd Əzimov iyunun 3-də dənizdə boğulandan sonra vəkilinin müraciəti əsasında ona övladının dəfn və yas mərasimində iştirak edə bilməsi üçün üç günlük həbsdən buraxmışdılar.
Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.
Meydan TV