94 gündür aclıq edən Zamin Salayev ittihamları rədd edir

tərəfindən Gozetci

Zamin Salayev

Mayın 11-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon təşkilatının sədri Zamin Salayevin işi üzrə məhkəmə başlayıb. Salayev azad edilməsi tələbilə  94 gündür aclıq edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından Turan-a bildiriblər ki, iclas zamanı Salayev bildirib ki, zərərçəkmişə bıçaqla hücum etməyib və onu müxalifətyönlü fəaliyyətinə görə cəzalandırmaq üçün ittiham tamamilə uydurmadır.

İclas zamanı zərərçəkmiş və iki şahidin ifadələri dinlənilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, həmin şəxslər əvvəllər narkotik maddə cinayətlərinə görə mühakimə olunublar və polislə əməkdaşlıq edirlər.

Müdafiə tərəfi insidentdən 12 saat öncə və ondan 8 saat sonra zərərçəkmişin mobil telefonunun yeri barədə məlumat tələb etmək üçün vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası mayın 17-nə təyin edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər ki, Salayev aclığın 94-cü günündə ağır vəziyyətdədir. 47 kiloqram arıqlayıb, qan təzyiqi 60/40-a enib. Bir müddət öncə komaya düşüb və təcili tibbi müdaxilə edilib.

*Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Salayevi üç ay müddətinə həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi açılıb. Fəalı 5 ilədək həbs təhlükəsi gözləyir.

Məhkəmə zamanı Salayev bildirib ki, ittiham yalandır və onu sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə cəzalandırırlar. Hüquq müdafiəçiləri Zamin Salayevi siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az