Senator Durbin Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

tərəfindən Gozetci

Bazar ertəsi amerikalı nüfuzlu senator yenidən Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevi azad etməyə çağırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

Senatda ikinci  nüfuzlu demokrat senator Dik Durbin vətəndaş fəalı Bəxtiyar Hacıyevin işindən “narahat olduğunu” bildirib. Eyni zamanda, qeyd edib ki, Bəxtiyar Hacıyev bu yaxınlarda “həbsxanada ölümün astanasında olub”.

Durbin Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə və “diqqəti demokratiyalar birliyinə qoşulmağa yönəltməyə çağırıb”.

Senator Durbinin şərhləri prezident İlham Əliyevin yüzlərlə adamı, o cümlədən bir neçə siyasi məhbusu əfv etməsindən bir neçə saat sonra səslənib.

Vaşinqton bu addımı alqışlayıb və əlavə edib ki, “təəssüf ki, çoxları öz konstitusiya hüquqlarını həyata keçirdiklərinə görə hələ də həbsxanalardadır və biz Azərbaycanı onları azad etməyə çağırırıq”, – ABŞ-ın Bakıdakı səfirliyi bildirib.

Turan-ın müxbirinin “ötən həftə dövlət katibi Entoni Blinkenin Vaşinqtonda öz azərbaycanlı həmkarı ilə insan hüquqları mövzusunu müzakirə etmək imkanı vardımı” sualının  cavabında Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel təfərrüatlara vara bilməyəcəyini söyləyib.

“Ancaq əlbəttə ki, həmkarlarımızla görüşlər zamanı mütəmadi və ardıcıl olaraq insan hüquqları məsələlərini qaldırırıq”, – o əlavə edib.

* Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə  Xətai məhkəməsi isə həbs müddətini daha 2 ay – aprelin 28-də uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib. Fevralın 28-də, aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb. Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb ediblər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az